...

İspaniyanın “El Boletín” nəşri Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən azərbaycanlılar barədə yazır (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2021 04:52 (UTC +04:00)
İspaniyanın “El Boletín” nəşri Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən azərbaycanlılar barədə yazır (FOTO)

Bakı. Trend:

İqtisadi və siyasi xəbərlərdə ixtisaslaşan İspaniyanın məşhur “El Boletín” nəşrində “Azərbaycan Beynəlxalq İtkin Düşmüş Şəxslər Gününü qeyd edir” sərlövhəli məqalə dərc olunub.

Trend xəbər verir ki, məqalədə avqustun 30-da dünya ictimaiyyəti Beynəlxalq İtkin Düşmüş Şəxslər Gününü qeyd edərkən, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin xatirəsinin Azərbaycanda ehtiramla yad olunduğu vurğulanıb.

“El Boletín” nəşri, Ermənistanın Azərbaycana qarşı 1990-cı illərin əvvəllərində başlayan təcavüzü zamanı azərbaycanlı hərbi əsirlərlə və girovlarla qəddar rəftar edilməsini və Ermənistanda kütləvi şəkildə edam olunmasını diqqətə çatdırır.

İspan nəşri Qarabağ müharibəsinin bitməsinə baxmayaraq 3890 azərbaycanlının (3171 hərbçi, 719 mülki şəxs) taleyinin hələ də məlum olmadığını qeyd edir. Beynəlxalq humanitar hüququn tələblərinin kobud şəkildə pozulması demək olduğuna baxmayaraq, Ermənistan tərəfindən girov götürülən 29 uşaq, 98 qadın və 112 qoca olmaqla Azərbaycanın 267 dinc sakini azad edilməyib. Bu günə qədər 224 uşaq, 357 qadın və 225 qoca olmaqla 1102 azərbaycanlı girov erməni əsirliyindən azad olunub.

“El Boletín” nəşri yazır ki, azərbaycanlılar Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı qüvvələrinin geniş şəkildə həyata keçirdikləri vəhşiliklər nəticəsində ciddi narahatlıq doğuran şəraitdə itkin düşüblər. Nəşrdə qeyd olunub ki, girovların və hərbi əsirlərin qanunsuz saxlanması, onlara işgəncə verilməsi və şəxsi ləyaqətlərinə hücumlar erməni ekstremistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən sistematik kollektiv cəza və ayrı-seçkilik siyasətinin bir hissəsidir.

Diqqətə çatdırılır ki, 25 ildən çoxdur Ermənistan itkin düşmüş şəxslərin taleyinin araşdırılması ilə bağlı beynəlxalq hüququn normalarına uyğun olaraq öhdəliklərini yerinə yetirmir. Əksinə, Ermənistan törətdiyi təcavüzə və vurulan saysız-hesabsız ziyana görə öz məsuliyyətini inkar edir, azərbaycanofobiya və nifrət toxumu səpir.

Məqalədə insanlığa qarşı ən ağır cinayətlərdən birinin Azərbaycanın Xocalı şəhərində erməni ekstremistləri tərəfindən törədildiyi bildirilir. Qeyd olunub ki, öldürülən 613 şəhər sakinindən 63-ü uşaq, 106-sı qadındır, 8 ailə tamamilə məhv edilib. Hazırda 36-sı uşaq və 65-i qadın olmaqla 196 Xocalı sakini hərbi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (2021-ci il iyulun 1-nə olan məlumatlar) itkin düşmüş kimi qeydiyyatdadırlar. Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən 16-sı uşaq və 22-si qadın olmaqla girov götürülən 196 nəfərin 95-nə dair sübutlar var. Azərbaycan hökuməti münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli səviyyədə müvafiq tədbirlər görüb.

“El Boletín” nəşri qeyd edir ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi itkin düşənlərin taleyini müəyyənləşdirməyə imkan verir.

Məqalədə vurğulanıb ki, beynəlxalq səviyyədə Azərbaycan girov və itkin düşmüş insan probleminə fəal şəkildə diqqət çəkib. Azərbaycan BMT-nin Baş Assambleyasının itkin düşənlərlə bağlı hər iki ildən bir qəbul etdiyi Qətnamənin qəbul olunmasının əsas təşəbbüskarlarından biridir. Azərbaycan, eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasının "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların, o cümlədən sonradan həbs edilmiş qadınların azad edilməsi" Qətnaməsinin təşəbbüskarıdır. Həmin Qətnamə silahlı toqquşmada bütün tərəfləri təkidlə hərbi əməliyyatlar zamanı girov götürməməyə çağırır.

Qeyd olunub ki, azərbaycanlılara qarşı ağır cinayətlərdə günahkar olanların məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycanda cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti