...

Azərbaycan qışlayan quşların sayına görə Avropada ön sıralardadır (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2022 11:15 (UTC +04:00)

Bakı. Trend:

Vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaq, insanları vəhşi təbiətin mühafizəsinə cəlb etmək məqsədilə hər il aprelin 1-i Beynəlxalq Quşlar Günü kimi qeyd olunur. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb.

Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən “İnsan və Biosfer” adı ilə xüsusi proqram çərçivəsində keçirilir.

Trend xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, respublikamızda yaşayan 72 növ quş Azərbaycanın “Qırmızı kitabı”na daxil edilib. Azərbaycan ornitofaunasının isə 30 növü “Dünya Qırmızı Kitabı”nda yer alıb.

“Bu il Azərbaycanda quşların sayğısı aparılıb. Müəyyən edilib ki, ölkəmizdə qışlayan quşların sayı 800 mindən çoxdur. Reallıqda isə bu rəqəm 1 milyonu ötür”.

Xidmət rəsmisinin sözlərinə görə, mütəxəssislər tərəfindən quşların sayğısı aparılan zaman ölkədə bu il təkcə 110 min bəzgək quşu qeydə alınıb. Qızılağac Milli Parkında 200 min, Abşeron Milli Parkında isə 160 min quşun qışlaması müşahidə edilib. Əvvəllər Abşeron Milli Parkında 30 mindən çox quş qışlayırdısa, bu il bu göstərici xeyli artıb. Son 30 ildə birinci dəfədir ki, Abşeron Milli Parkında bu qədər quşun qışlamasının şahidi olduq.

“Azərbaycan Avropada qışlayan quşların sayına görə 3-4-cü yerləri tutur. Hollandiya və İngiltərədən sonra Azərbaycan Türkiyə ilə növbəti pillələrdə qərarlaşıb. Bu da Kür-Araz ovalığı, Xəzərin sahilində unikal yerlərin, çoxlu sututarlarının olması və bu yerlərin sualtı bitkilərlə zənginliyi ilə əlaqədardır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti