Bakı. Trend:
Aprelin 22-də Heydər Əliyev Mərkəzində “Gəlin birgə oxuyaq!” devizi altında “Oxu günü” keçirilib.
Trend xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü dəfə keçirilən “Oxu günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.
Tədbirin rəsmi hissəsində çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev kitabın müqəddəs olduğunu deyib. Diqqətə çatdırıb ki, bütün dinlər kitabla, məsələn, İslam “Quranla”, Xristianlıq “İncillə” başlayır. Əgər bir xalqın alimləri çoxdursa, o xalq inkişaf edir.
Xalq yazıçısı Azərbaycanın işıqlı gələcəyi naminə çoxlu kitab oxumağı tövsiyə edib.
Bakı Kitab Mərkəzi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının tərəfdaşlığı ilə reallaşan tədbirdə ümumtəhsil məktəb və liseylərin şagirdləri müxtəlif təqdimatlarla çıxış ediblər. “Oxu günü”ndə, həmçinin iştirakçılara bədii-elmi kitabların sərgisində yeni nəşrlərlə tanış olmaq, şair və yazarlarla görüş, ustad dərslərində iştirak, interaktiv yarışlarda biliklərini sınamaq imkanları yaradılıb.
Tədbirdə şagirdlər görkəmli Azərbaycan ədiblərinin obrazlarını və məşhur əsərlərdən personajları canlandırıb, müxtəlif əsərlər əsasında səhnəciklər təqdim olunub, əlyazma kitabların hazırlanması, xəttatlıq sənəti və digər mövzularda ustad dərsləri təşkil edilib, kitabların müzakirəsi keçirilib, kitablarla fləşmob, xoreoqrafik etüdlər nümayiş olunub. “Oxu günü”ndə müxtəlif kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri sərgilənib.
“Oxu günü” tədbirinin iştirakçıları təəssüratlarını da bölüşüblər. Bakı şəhəri 30 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Aydan Rəcəbli bildirib ki, Qırmızıpapaq obrazını canlandırır. “Oxu günü”ndə iştirakçılara Qrimm qardaşlarının əsərləri haqqında məlumat verəcək. Mütaliəyə böyük marağı olan Aydan Rəcəbli deyib: “Çalışıram ki, çoxlu kitab oxuyum. Oxumaq nitqi inkişaf etdirir, dünyagörüşümü artırır”.
Bakı Avropa Liseyinin 2-ci sinif şagirdi Mirşəhla Ağayeva qeyd edib ki, “Oxu günü” çox xoşuna gəlib. Burada yeni kitablarla tanış olub.
Tədbirdə məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün ümumi dünyagörüşü və bədii ədəbiyyat sahəsini əhatə edən viktorina keçirilib. Suallara düzgün cavab verən şəxslərə kitablar və müxtəlif hədiyyələr təqdim olunub.