...

Biz tapşırığın öhdəsindən gəldik - bədii gimnastika üzrə FIG Dünya Kubokunun gümüş mükafatçısı olan Azərbaycan komandasının üzvləri

Cəmiyyət Materials 23 Aprel 2022 21:06 (UTC +04:00)
Biz tapşırığın öhdəsindən gəldik - bədii gimnastika üzrə FIG Dünya Kubokunun gümüş mükafatçısı olan Azərbaycan komandasının üzvləri
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Biz tapşırığın öhdəsindən gəldik.

Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun gümüş mükafatçıları, qrup hərəkətləri üzrə Azərbaycan yığmasının üzvləri bildiriblər.

Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Qummatova, Yelizaveta Luzan və Daria Sorokina yer alıb.

"Bu, builki ilk yarışımız idi. Təbii ki, doğma Gimnastika Arenasında çıxış etmək böyük məsuliyyətdir və ona görə də həyəcan hiss olunurdu. Bununla belə, komandamız bu yarışlara həm fiziki, həm də mənəvi cəhətdən hazırlaşmışdır və bu həyəcanı aradan qaldıra bildik. Bu yarışlara hazırlaşmaqda bizə dəstək olan hər kəsə - Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimizə, tibb işçilərinə minnətdarlığımızı bildirmək istəyirik. Onların dəstəyi bizi ruhlandırır, güc verir. Çoxnövçülükdə qazanılan “gümüş” hər birimizin qələbəsidir. Sabah finalda indikindən daha yaxşı çıxış edib, daha yüksək nəticə göstərməyə çalışacağıq”, - deyə komanda üzvü Zeynəb Hummətova bildirib.

Güllü Ağalarzadənin sözlərinə görə, komanda tapşırığın öhdəsindən gəldi.

"İki təsnifat mərhələsinin nəticələrinə əsasən hesab edirəm ki, biz tapşırığın öhdəsindən yaxşı gəldik. Bu ildən yeni qaydaların qüvvəyə mindiyini və ilk yarışımız olduğunu nəzərə alsaq, hesab edirəm ki, komanda layiqli nəticə göstərə bildi. Sabah finalda proqramı təmiz yerinə yetirməyə çalışacağıq”, - o əlavə edib.

Dünya çempionatındakı rəqiblərindən danışan Azərbaycan yığmasının üzvləri arxaya baxmadıqlarını, diqqətlərini öz çıxışlarına yönəltdiklərini vurğulayıblar.

“Bu il bizim kompozisiyamız çox çətindi, medallara layiq proqram qoymuşuq və çalışacağıq ki, yaxşı çıxış edək və bunu qiymətləndirmək hakimlərin vəzifəsidir”, - gimnastlar bildiriblər.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti