Bakı. Trend:
“Huawei Technologies Azərbaycan” MMC 25 noyabr 2022-ci il tarixində Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığını gücləndirərək Azərbaycanın rəqəmsal ekosisteminin inkişaf etdirilməsi ilə bağlı tərəfdarlığını təsdiq edib.
“Huawei” Azərbaycanın məlumatına əsasən, İKT Akademiyası rəqəmsal iqtisadiyyata keçidi dəstəkləməklə universitet proqramlarını “texnoloji şirkətlərin reallığına çatdıracaq”.
Noyabr ayında fəaliyyətə başlayan İKT Akademiyası tələbələrin “Huawei” şirkətinin məlumat bazasına, həmçinin “böyük verilənlər, bulud texnologiyaları, əşyaların interneti, süni intellekt və 5G kimi ən son texnoloji yeniliklərinə” çıxışını təmin edəcək.
Şirkətdən verilən məlumata görə, Azərbaycan universitetləri indi “Huawei”-in innovasiyaları və nou-hauları ilə əlaqədar ən üstün təcrübələrini özündə birləşdirən daha strukturlaşdırılmış və təkmilləşdirilmiş proqrama da çıxış əldə edəcəklər.
“Huawei Technologies Azərbaycan” MMC-nin Baş Direktoru cənab David Xu açılış nitqində “Bugünkü tərəfdaşlıq Huawei-in sənayenin tələblərini ödəmək üçün yüksək ixtisaslı, səriştəli İKT işçi qüvvəsinin mövcudluğu sahəsindəki boşluğu doldurmaqda ölkəyə dəstək olmaq üzrə güclü öhdəliyinin bir hissəsidir”, - deyə bildirib.
“Mən daha çox kollec və universitetləri “Huawei” İKT Akademiyası Proqramına qoşulmağa dəvət etmək istəyirəm ki, birlikdə tələbələrin öyrəndiklərini daim təkamüldə olan İKT bazarının ehtiyaclarına uyğunlaşdıra bilək. İKT üzrə istedadların yetişdirilməsi sahəsində “Huawei” şirkətinin təcrübəsinə əsaslanaraq, İKT Akademiyası universitetlərə sistemli, texnoloji cəhətdən qabaqcıl, standartlaşdırılmış və praktik İKT mühit və kurs sistemini yaratmağa köməklik edir və tələbələrin müəssisə tələblərinə cavab verməsi imkanını yaradır”, - deyə o, əlavə edib.
Bakı Ali Neft Məktəbinin rektoru cənab Elmar Qasımov çıxışı zamanı anlaşma memorandumunun imzalanması haqqında danışıb: “Huawei” İKT texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biridir. Bu şirkətlə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumunun imzalanması bizim üçün əlamətdar bir hadisədir. Huawei şirkəti hər zaman universitetimizə və tələbələrimizə göstərdiyi xüsusi diqqət və qayğısı ilə seçilir. Biz əminik ki, Bakı Ali Neft Məktəbində İKT Akademiyasının yaradılması çərçivəsində əməkdaşlığımız səmərəli nəticələr verəcək”, - deyə rektor bildirib.
Fəaliyyətə başladığı gündən “Huawei İKT Akademiyası” Azərbaycanın aparıcı universitetlərindən minlərlə həvəskarı və tələbəni cəlb edib.
Bu layihə universitetlərə, kolleclərə və qeyri-kommersiya dövlət təhsil müəssisələrinə şamil olunur. Rəqəmsal cəmiyyətdə İKT texnologiyaları müxtəlif peşələrə ciddi təsir göstərir və fənlərarası tələblərin artmasına səbəb olur.
Bu layihə çərçivəsində əməkdaşlıq edən universitetlər “Huawei”-in İKT texnologiyaları və kurslarını təqdim edir, tələbələri “Huawei” sertifikatlarını almağa həvəsləndirir və dünya və İKT sənayesi zənciri üçün praktiki bacarıqlara malik peşəkarlar yetişdirirlər. Şirkətin paylaşdığı məlumata əsasən, indiyədək “Huawei” 2000-dən çox universitet və 8000 müəllimlə əməkdaşlıq edərək, hər il bütün dünya üzrə 150 000-dən çox tələbəyə dəstək göstərir.
“Huawei Azərbaycan” “Huawei İKT Akademiyası” vasitəsilə ilə müəssisələrin istəklərinə uyğun olaraq ixtisaslı kadrlar arasındakı fərqi aradan qaldırmaqla, texnoloji təhsil standartını müəyyən etməyə və ölkənin İKT sənayesinin davamlı inkişafını dəstəkləmək üçün daha çox texniki və yararlı bacarıqlar, daha qabaqcıl texnologiyalar təmin etməyə və innovasiya və sahibkarlığa daha çox dəstək göstərməyə ümid edir.