Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin yardım tədbirləri davam etdirilir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Maddi Texniki Təminat Baş İdarəsinin təminat bazasından qış səhra çadırlarının bir qismi avtomobil, digərləri isə hava nəqliyyatı vasitəsilə qardaş ölkəyə göndərilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.