Bakı. Trend
Zəlzələ zamanı ən çox dördgünlük körpə övladım üçün narahat idim.
Bunu Trend-ə açıqlamasında Türkiyədə baş verən zəlzələdə zərər çəkən Gülnarə Özkapı deyib.
"Gecə zəlzələ baş verdiyi an dəhşət içində çölə çıxdıq. Hava da qarlı idi. Həmin anları yaşamaq çox dəhşətli idi. Üç gün çöldə qaldıq. Azərbaycana gəlməsəydik, bəlkə də vəziyyətimiz daha pis olardı. Bunun üçün Azərbaycana təşəkkür edirik", - deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyədə ağır zəlzələdə yaralanan 10 uşaq Azərbaycana gətirilib. Gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır. Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Elmi Tədqiqat Pediatriya İnstitutuna daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir.
Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.