...

Ali məktəblərə qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayır

Cəmiyyət Materials 14 Aprel 2023 15:42 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumata görə, qeydiyyat prosesi 2023-cü il aprelin 14-dən mayın 5-dək internet vasitəsilə aparılır.

Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2023-cü il martın 1-dən 15-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2023-cü il aprelin 14-dən 5 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb. Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Bu kateqoriyadan olan abituriyentlər I ixtisas qrupunun RK və Rİ altqruplarının hər ikisini seçdikləri halda “İnformatika”, III ixtisas qrupunun DT və TC altqruplarının hər ikisini seçdikləri halda isə “Coğrafiya” fənni üzrə imtahanda iştirak etmək üçün müvafiq qaydada əlavə ödəniş edirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı DİM-in göstərdiyi ödənişli xidmətlər və onlara edilən güzəştlər haqqında məlumat

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Qeyd 1. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu may ayında DİM tərəfindən elan olunacaq tarixlərdə internet vasitəsilə aparılacaq.

Qeyd 2. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 1-15 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti