Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ümummilli lider Heydər
Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100:
Həyatı və irsi” adlı beynəlxalq konfransın video hesabatını təqdim
edib.
Trend xəbər verir ki, video Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədrləri İsmail Serageldin və Latviyanın Sabiq Prezidenti,
Vayra-Vike Freyberqanın sözləri ilə başlayır. Belə ki, xanım
Freyberqa Heydər Əliyevin 100 illik yubileyində iştirak etmək
şərəfinə nail olduğu üçün minnətdar olduğunu bildirib.
Videoda, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Latviyanın sabiq Prezidenti Valdis Zatlers, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmir Musa, Çin Hökumətinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Baş katibinin keçmiş əvəzi Vu Honqbo, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumziya, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, Serbiyanın sabiq Prezidenti Boris Tadic, Belçikanın sabiq Baş Naziri İv Leterm və BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır və tədbirdə iştirak edən nüfuzlu şəxslər Heydər Əliyev barədə fikirlərini səsləndiriblər.
Belə ki, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvili qeyd edib: "Heydər Əliyevin regionda qonşular və xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin qurulmasında əməyi danılmazdır".
Çin Hökumətinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Baş katibinin keçmiş əvəzi Vu Honqbo videoda Heydər Əliyevin İpək Yolunun dirçəldirməsi ilə bağlı Milli inkişaf strategiyası haqqında danışıb və qeyd edib ki, bu həm Çinin, həm də Azərbaycanın ümumi rifahı və inkişafı üçün mühüm hadisədir.