Bakı. Trend:
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda yaşıllıq zonasına düşən və götürülməsinə zərurət yaranan ağacların əvəzinə götürüləndən daha çox ağac əkiləcək.
Trend xəbər verir ki, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı növbəti ictimai dinləmədə “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədr müavini Natiq Əliyev deyib.
Onun sözlərinə görə, yolun genişləndirilməsi zamanı yaşıllıq zonada olan ağaclar sayılıb və onlardan köçürülə bilməyənlərin kompensasiya edilməsi üçün birmənalı olaraq daha çox ağac əkilməsi nəzərdə tutulub.
"Tikinti aparılan sahədə köçürülməsi mümkün olmayan ağaclar
götürülüb, yerinə
daha çox ağac əkiləcək. Meşə fonduna aid olmayan diametri kiçik
olan ağaclar isə yeni ərazilərə köçürülürlər. Buna görə qərara
alınıb ki, köçürülə bilməyən ağacların əvəzinə ən azı iki dəfə daha
çox ağac əkilsin", - deyə o qeyd edib.
Xatırladaq ki, Bakı şəhərini İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol - Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam etdirilir. II texniki dərəcəyə uyğun qurulan yolun uzunluğu 9,7 km qısalaraq 76,8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər görülür. Bu çərçivədə 8 ərazidə ümumi uzunluğu 4 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir.