Bakı. Trend:
Bakıda bədii gimnastika üzrə Avropa çempionatının təşkilindən çox məmnunam.
Bunu Trend-ə fərdi çoxnövçülük proqramı üzrə qızıl medalın sahibi, Bolqarıstandan olan gimnast Boryana Kaleyn deyib.
"Mən üçüncü dəfədir ki, Azərbaycanın paytaxtında keçiriləcək yarışlara gəlirəm. Avropa çempionatının keçirilməsindən məmnunam, açılış mərasimini çox bəyəndim, inanılmaz dərəcədə gözəl idi", - deyə gənc gimnast qeyd edib.
Boryana Kaleyn vurğulayıb ki, qızıl medal qazandığı üçün xoşbəxtdir.
"Mükafatlandırma mərasimindən sonra ailəmə zəng edəcəm, əminəm ki, anam indi xoşbəxtlikdən ağlayır. Bolqarıstan Bədii Gimnastika Federasiyasına və mənə hər zaman dəstək olan dostlarıma da təşəkkürümü bildirirəm", - deyə o bildirib.
B.Kaleyn əlavə edib ki, o, tez-tez müsabiqədəki çıxışlarının video yazılarına baxır. Bu, ona proqramlardakı səhvləri düzəltməyə kömək edir.
Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.