...

ADU-da Çin dili üzrə beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib (FOTO)

Cəmiyyət Materials 21 İyun 2023 11:52 (UTC +04:00)
ADU-da Çin dili üzrə beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda məktəblilərarası 16-ci Çin dili üzrə “Çin dili körpüsü” beynəlxalq müsabiqənin Azərbaycan üzrə final mərhələsinin seçim turu olub. Seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Beynəlxalq Təhsil Fondu və Konfutsi İnstitutu tərəfindən təşkil edilib. Müsabiqəyə orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının dinləyiciləri qatılıblar. Açılış mərasimində Azərbaycanda orta məktəb şagirdləri arasında Çin dilinin öyrənilməsi məqsədilə keçirilən 16-ci “Çin dili körpüsü” müsabiqəsində iştirak etməkdən çox məmnun olduğunu vurğulayan Çinin Azərbaycandakı səfirliyinin müşavir-elçisi Dinq Tao deyib: “İki dövlət başçılarının strateji rəhbərliyi altında Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 31 il boyunca Çin-Azərbaycan münasibətləri hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq davamlı şəkildə inkişaf etmiş, dərinləşmiş və möhkəmlənmişdir. Ötən ilin sentyabrında Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Zirvə toplantısında uğurla görüşərək, iki ölkə arasında şəxsiyyətlərarası və mədəni mübadilənin gücləndirilməsi və dərinləşdirilməsi ilə əlaqədar mühüm konsensus əldə etmişlər. Bu ilin mart ayında Çinin Sədri Si Cinpin dünya sivilizasiyalarının müxtəlifliyinə hörmətlə yanaşmağı tövsiyə edərək, sivilizasiyalar arasında bərabərlik, qarşılıqlı öyrənmə, dialoq və tolerantlıq prinsiplərinə sadiqliyin vacibliyini vurğulayaraq Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb. Bu kontekstdə Çin-Azərbaycan münasibətləri arasında humanitar əməkdaşlıq yüksək perspektivlər göstərərək, Çin dilini öyrənən və Çin mədəniyyətindən ilham alan azərbaycanlı gənclərə daha əlverişli imkanlar yaratmışdır”.

O qeyd edib ki, uzun bir tarixə malik olan Çin mədəniyyəti özlüyündə geniş və dərin bir sistemdir. 5000 illik Çin sivilizasiyasının mühüm daşıyıcısı olan Çin dili qədim tarixi irsə və zəngin mənəvi məzmuna malikdir. Əcnəbi orta məktəb şagirdləri üçün “Çin dili körpüsü” adlı Çin dili üzrə bilik yarışması artıq 15 dəfədir ki, Azərbaycanda uğurla həyata keçirilir. Beləliklə. Çin dilini öyrənən və Çin mədəniyyəti ilə maraqlanan gənclərin dil biliklərini, eləcə də şəxsi istedadlarını nümayiş etdirmələri üçün mühüm platformaya çevrilərək, Azərbaycanda çinşünasların hazırlanmasında böyük rol oynayır. Gələcəkdə daha çox azərbaycanlı orta məktəb şagirdləri Çin mədəniyyətinin dərinliyini yaxından öyrənəcək, Çin xalqının mehribanlığını və səmimiliyini duyacaq, Çin modernləşmə üslubu dövrünün nəbzini hiss edərək, Çinə səfər edəcək və orada oxuyub işləyəcəklər. Onlar Azərbaycan və Çin arasındakı əlaqələrdən danışaraq, iki ölkə arasında dostluq səfiri və əməkdaşlıq “körpüsü”nə çevriləcəklər, eləcə də Çin-Azərbaycan ortaq gələcəyi olan icmanın qurulmasına öz müsbət töhfələrini verəcəklər. ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb və müsabiqə iştirakçılarına Çin dilinin öyrənilməsində müvəffəqiyyətlər arzu edib. O qeyd edib ki, Bir neçə ildir ki, universitetimiz bu müsabiqəyə ev sahibliyi edir, bu əlamətdar bir hadisədir. Bu müsabiqənin universitetimizdə keçirilməsi təsadüfi deyil, belə ki, universitetimizin adı dillərlə bağlıdır. Tələbələrin müxtəlif dil və mədəniyyətlərlə təmas etməsi üçün biz hər il yeni proqramlar açırıq. İkinci tərəfdən, Konfutsi İnstitut vasitəsilə tələbələr çin dili və mədəniyyətinə yiyələnirlər. Bu institutun universitetimizdə olmağı təkcə tələbələr yox, həm də Azərbaycanda Çin dili və mədəniyyəti ilə maraqlanan gənclərə, o cümlədən, əhalinin bütün təbəqələrinə xidmət edir. Çin dünyaya səs salmış ənənə və fəlsəfələrə sahib olan toplumdur.

Əlbəttə ki, bu dilin, mədəniyyətinin öyrənilməməsi istənilən bir fərdin inkişafında boşluq kimi dəyərləndirilə bilər. Universitetimiz bu prosesdə körpü rolunu oynayır. Buna görə də bu tədbiri yalnız dəstəkləmək bizə düşür. Ümid edirik ki, gələcəkdə də bu kimi tədbirlərin davamı gələcək.

Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinlə Azərbaycan arasında təhsil sahəsində sürətlə genişlənən əməkdaşlıqdan söz açıb. O, 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə dövlətimizin başçısı “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalayıb. Məhz bu sənəd gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olub. Bundan sonra “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsi sayəsində Çin tərəfinin “yumşaq güc” strategiyası çərçivəsində humanitar sahədə əməkdaşlıq inkişaf etməyə başladı, əməkdaş ölkələr arasında ictimai-siyasi dialoq fəallaşdı, həmçinin Konfutsi İnstitutu şəbəkəsi genişləndi. Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, Çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu var. Bununla yanaşı, Konfutsi İnstitutu Çin dili kurslarının dinləyicilərini Çinə birillik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün “Çin dili körpüsü” kursları təşkil edir. Ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak etdiyi bir vaxtda Azərbaycanda onlarca Çin şirkəti fəaliyyət göstərir, turizm sahəsində mübadilə genişlənir, müntəzəm olaraq Çin dili üzrə ixtisaslaşmış tərcüməçilərə tələb artır. Digər tərəfdən isə Çin dilini öyrənməyə artan maraq Çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqədardır. Bu il martın 28-də isə Konfutsi İnstitutu tələbələr və Çin dili kurslarının dinləyiciləri üçün “Heydər Əliyevin Çinə tarixi səfəri” mövzusunda inşa müsabiqəsi elan edib. Müsabiqə Ulu öndərin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Müsabiqənin məqsədi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.

Daha sonra müsabiqə 3 mərhələdə davam edib. İştirakçılar verilmiş mövzu üzrə Çin dilində çıxış edib, Çin mədəniyyəti haqqında sualları cavablandırıb, bədii nömrələr nümayiş etdiriblər. Sonda qaliblər mükafatlandırılıb. Müsabiqənin bütün iştirakçıları sertifikatlar əldə ediblər. ADU-nun Konfutsi İnstitutunun tələbəsi Sofiya Garayeva 1-ci yerə laiq görülüb. Müsabiqənin nəticələrinə görə, qaliblər Çin dili üzrə beynəlxalq müsabiqənin finalında iştirak edəcək və növbəti mərhələlərdə Çində təhsil alacaqlar. Onlar, həmçinin ADU-nun Konfutsi İnstitutunda Çin dilini ödənişsiz öyrənmək imkanından yararlana biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti