...

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Rauf Əliyev

Cəmiyyət Materials 22 İyun 2023 13:30 (UTC +04:00)
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xilaskarıdır - Rauf Əliyev

Bakı. Trend:

Görkəmli siyasi və dövlət xadimi, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri dövlətçilik tariximizin ən parlaq səhifələrini təşkil edir və illər ötsə, nəsillər dəyişsə də, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

1991-ci ilin oktyabr ayında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə daxili vəziyyət son dərəcədə gərginləşmişdi, hərc-mərcilik baş alıb gedirdi. Ölkədə hakimiyyət böhranı yaranmışdı. Hakimiyyətdə olan Xalq Cəbhəsi ölkəni daha dərin uçuruma aparırdı. 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Xalqıın tələbi ilə Respublikanın belə ağır günündə Azərbaycan Xalqının görkəmli oglu, Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi. Ulu Öndər az bir zaman ərzində vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı. 1993-cü ilin iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi? Dövlət müstəqilliyinin qorunub saxlanılması ilə bağlı Ulu öndər Heydər Əliyev demişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Respublikamızda cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir;

Separatçılıq cəhdlərin və vətəndaş qarşıdurmasının qarşısı alındı. 1993- cü ilin 7 avqust tarixində cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu. Heydər Əliyev məktəbi, onun misilsiz irsi və həyatı haqqında danışanda Ulu Öndərin dünya tarixində nadir və fenomenal liderlərdən biri olduğunu bu günki gənclərimizə aşılamış oluruq. Heydər Əliyevin təkcə Ali Sovetin sədri kimi 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması belə ayrıca bir tarix idi.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, xarici siyasət sahəsində dönüş yaradılıb və müstəqil dövlət quruculuğu prosesinə başlanılıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində bir tərəfdən Milli Ordunun formalaşması, müdafiə qabiliyyətinin gücləndirilməsi üçün mühüm addımlar atılmış, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələdən istifadə olunmuş, bununla da 1994-cü ilin may ayında ölkəmiz üçün həyati əhəmiyyətə malik atəşkəs rejiminə nail olunub.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün Azərbaycan iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır. Elə kadrlar yetişdi ki, bu gün istənilən sahədə işləyə bilərlər. Bu da ölkəmizə böyük əlavə üstünlük verir.

Ulu Öndər Heydər Əliyevin neft strategiyasının əhəmiyyətini qeyd edən cənab Prezident İlham Əliyev bildirmişdir ki, bu strategiya bu gün imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir.

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdir: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşüb və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaq”.

2003-cü ildən başlayaraq cənab prezident İlham Əliyev tərəfindən yeni tarixi şərait, reallıqlar müdrikcəsinə qiymətləndirilərək müəyyənləşdirilən və həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın hərtərəfli, sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Ötən illlər ərzində cənab Prezidentin rəhbərliyi lə Azərbaycan çox böyük uğurlara inza atıb. Əlbətdə bu uğurların başında Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən Müharibəsində əldə olunan Tarixi Zəfərdir. Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcəkdir, əbədi olacaqdır.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti