...

Metroda qatarların intervalı artırılacaq - Bayramda bu qrafiklə işləyəcək

Cəmiyyət Materials 23 İyun 2023 13:50 (UTC +04:00)
Metroda qatarların intervalı artırılacaq - Bayramda bu qrafiklə işləyəcək

Bakı. Trend:

İyun ayının 24-25-i şənbə və bazar günləri olsa da, iş günləri elan edildiyindən Bakı metropolitenində qatarların hərəkəti qeyd edilən tarixlərdə adi iş günü qrafiki ilə tənzimlənəcək.

Bakı metropolitenindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar “28 May-Həzi Aslanov” istiqamətində saat 07:00-dan 21:00-a qədər qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlər kəsişərək birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq.

“Bakmil” istiqamətində hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd edilənləri nəzərə alaraq, iyun ayının 24 və 25-də iş günləri qrafiki qüvvədə olacaq.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə iyun ayının 26-dan iyulun 3-nə qədər ölkəmizdə qeyri-iş günləri elan edilib. Bu səbəbdən qeyd edilən müddətdə Bakı metropolitenində qatarların hərəkəti qeyri-iş günləri qrafiki ilə tənzimlənəcək. Qatarlar “28 May-Həzi Aslanov” sahəsində saat 07:00-dan 21:00-a qədər 3 dəqiqəlik intervalla hərəkət edəcək. “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq.

Qeyd edilənləri nəzərə alaraq, sərnişinlərin “Bakmil” istiqamətində və əksinə qatarların hərəkətini qeyri-iş günləri qrafikinə uyğun nəzərə almaları xahiş olunur. Hərəkət cədvəlləri ilə Bakı metropoliteninin rəsmi saytında müvafiq bölmədə (http://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) tanış olmaq mümkündür.

Sərnişin axınının tənzimlənməsi məqsədilə ehtiyat qatarlar həm iş günləri, daha sonra qeyri-iş günlərinin xüsusiyyətlərinə uyğun nəzərdə tutulacaq və zərurət yarandıqda xəttə buraxılacaq.

İş və istirahət günlərində Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” sahəsində hərəkət edən qatarların intervalları dəyişməz olaraq qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti