Bakı. Trend:
Keçən ilin bu günü Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda "ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı.
Ondan iki ay əvvəl isə - Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mərasimdə iştirakı hər birimizin xatirində.
Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
30 ilə yaxın öz yurd-yuvalarının həsrəti ilə yaşayan insanlar məhz ötən ilin bu günü öz doğma yurdlarına qayıdaraq burada ömürlərinin ən xoşbəxt anlarını yenidən yaşamağa başlayıb.
Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə “ASAN”, “DOST”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə obyektlərinin və s. mövcud olması Ağalı sakinlərinin rahat, problemsiz yaşayışına töhvə verməkdədir.
Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilmiş evlərin təmir işlər davam edir və təmir işləri başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək.
Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə edilir ki, bu da insanların daha rahat və təhlükəsiz yaşayışı üçün nəzərdə tutulub
Dövlət başçısınn və və Birinci vitse-prezident Mehribam xanım Əliyevanın diqqəti və qayğısı Ağalı sakinlərinin üzərindədir. Bunun bariz sübutu kimi Ağalıya ilk köçdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndinə yenidən səfər edib, insanların vəziyyəti, oradakı ümumi durumla yaxından tanış olmalarını göstərmək olar.
Ötən il iyulun 19-da əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsi ilə bu köç prosesinin 4 mərhələdə həyata keçirilməsinə start verildi ki, ilk mərhələdə 40-dan çox ailənin Ağalıya köçürülməsi təmin edildi. Bu, bir daha Azərbaycan dövlətinin gücünün, qüdrətinin göstəricisidir. Çünkü müharibədən 1 ildən biraz artıq müddətdə işğaldan azad edilən ərazilərdə, ermənilərin hər qarışını minaladığı ərazilərin təmizlənməsi, bir daşı da daş üstə qoymadığı, infrastrukturu tamamilə mıhv etdiyi bu ərazilərə həyatın yenidən qaytarılması hər dövlətin öhdəsindən gələ bilməyəcəyi bir uğur idi.
Ərazi bütövlüyümüzün təmin olunduğu qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və 30 illik ağır məcburi köçkünlük həyatı yaşamış vətəndaşlarımızın doğma yurdlarına qaytarılması əsas prioritet elan olunub. Bu məqsədlə 2021-2022-ci illərdə dövlət büdcəsindən 6 milyard manata yaxın maliyyə vəsaiti ayrılaraq bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsinə sərf olunub.
İşğaldan azad edilmiş şəhər və rayonlarda tikinti işlərinin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün həmin ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə aparılır. İlk növbədə, kommunikasiyaların keçdiyi ərazilər minalardan təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində böyük infrastruktur layihələri icra edilib. Bu, xüsusilə yolların, tunellərin, körpülərin inşasında, elektrik, su xətlərinin çəkilməsində, kiçik su elektrik stansiyalarının, su anbarlarının, sanatoriya-kurort mərkəzlərinin, hərbi hissələrin inşasında özünü göstərir.