...

Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ

Cəmiyyət Materials 28 İyul 2023 17:04 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul olmaq istəyənlərə müraciət edib.

Nazirlikdən Trend-ə bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçiriləcək.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində vakant yerlər nazirliyin rəsmi internet səhifəsində elan ediləcək:

"Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaqlar.

Müsabiqənin ilkin mərhələsində elektron ərizələrin qəbulu həyata keçiriləcək. Test imtahanı mərhələsində hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla, ümumilikdə 60 sual təqdim edilir. İmtahanda hər namizədə 120 dəqiqə vaxt ayrılır.

Test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumilikdə 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində namizədlər aşağıdakı meyarlar əsasında 5 ballıq şkala ilə qiymətləndirilirlər:

• ünsiyyət və təqdimetmə bacarığı;
• liderlik və idarəetmə bacarığı;
• məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi.

Müsahibədə 3,5 və daha yüksək bal toplamış namizədlər həmin mərhələdən keçmiş hesab edilirlər. Müsahibə mərhələsinin nəticəsinə əsasən, namizədlərin vakant yerlərə yerləşdirilməsi yerli təhsili idarəetmə orqanının rəyinə uyğun olaraq komissiya tərəfindən aparılacaq", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti