Bakı. Trend:
Uşaq heç bir səbəb olmadan baş ağrısı, başgicəllənmə, daimi yorğunluqdan şikayətlənirsə diqqət yetirin. Əlavə olaraq yeniyetmələrdə qan təzyiqinə nəzarət olunmalıdır, xüsusən də qohumlarda belə bir problem varsa. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova deyib.
Trend Leyla Rəhimova ilə müsahibəni təqdim edir.
- Leyla xanım, ilk öncə bilmək istərdik ki, uşaqlar arasında nevroloji patologiyalar əsasən hansı istiqamətlərdə müşahidə olunur?
- Mərkəzi sinir sisteminin zədələnməsi baş beynin və onurğa
beyninin formalaşdığı bətndaxili inkişafdan başlayaraq uşağın
inkişafının müxtəlif dövrlərində yarana bilər. Doğulduqdan sonra
uşaqlarda nevroloji xəstəliklərin əsas səbəbləri kimi kəskin və
xroniki stres, infeksiya, travma, törəmələr və s. göstərmək
olar.
Uşaqlarda tez-tez rast gəlinən patologiyalara yuxu pozğunluğu, baş
ağrıları, nitqin və mental inkişafın geriliyi, qıcolmalar və
müxtəlif nevrozlar aiddir.
- Yeni doğulan uşaqlarda nevroloji problemlərin əlamətləri hansılardır?
- İlk öncə qeyd etmək istəyirəm ki, neonatal dövr körpə üçün
xarici mühitə uyğunlaşmasında həlledicidir. Neonatal dövr
doğulandan 28 gününə qədər davam edir. Hamiləlik dövrün fizioloji
vəziyyət qənaətbəxş olduqda və doğuş fəsadsız keçdikdə,
yenidoğulanlarda əsas qiymətləndirilmə neonatoloq tərəfindən
aparılır. Əgər nevroloji simptomlar qeyd olunarsa, körpə neonatoloq
tərəfindən nevroloqa yönəldilir.
Həmçinin valideynlər özləri nevroloji simptomları müşahidə edə
bilərlər. Bu dövrdə körpədə sianoz tutmaları (ağlayarkən
göyərmələr), yuxu pozğunluğu, əyriboyunluluq, əzələ tonusunun
pozğunluğu (uşaq ya süst və ya əksinə çox gərgin vəziyyətdə olur),
əmgəyin qabarıq olması, qıcolmalar və s. kimi əlamətlər nevroloji
xəstəliklərin simptomları ola bilər.
- Doktor, uşaqlarda yuxusuzluq nə ilə bağlıdır?
- Dissomniya - uşaqlarda gecə yuxusunun müxtəlif pozulmaları ilə
qarşılaşdığı, heç bir görünən səbəb olmadan tez-tez oyanma, gecə
qorxuları, yuxu keyfiyyətinin ödənilməməsi ilə ifadə olunan
patoloji vəziyyətdir. 2-3 yaşa qədər körpələr üçün yuxu əsas
ehtiyacdır, onsuz bədənin fiziki və zehni funksiyalarının sağlam
inkişafı praktiki olaraq mümkün deyil.
Uşaqlarda yuxu pozğunluğunun əsas səbəbləri bunlardır:
• Sağlam yuxu şəraitinin düzgün təşkil edilməməsi: uşaq axşam
saatlarında aktiv oyunlar oynadıqda, filmlər seyr etdikdə, çox
şirniyyat yedikdə;
• Müxtəlif somatik xəstəliklər ümumiyyətlə uşağın vəziyyətinə mənfi
təsir göstərir, xüsusən də yüksək hərarət, bağırsaq sancıları;
• Mərkəzi sinir sisteminin zədələnmələri, psixonevroloji
pozğunluqlar.
- Körpələrdə əmgək nə zaman birləşməlidir?
- Əmgək - kəllə sümükləri arasında sümükləşən bölgələrdir.
Doğularkən körpədə 6 əmgək növü müşahidə oluna bilər: cüt və
qeyri-cüt. Ən “məşhur” 2 alın və 2 təpə sümükləri arasında yerləşən
böyük əmgəkdir. Əmgəklərin ölçülərinə fərdi göstəricilər təsir
edir: hestasiya yaşı, genetik meyillik, maddələr mübadiləsinin
vəziyyəti, xəstəliklərin olması.
Sağlam körpələrin 1%-də böyük əmgək 3 aya qədər bağlana bilər.
Həmin uşaqların valideynləri narahat olmasına səbəb yoxdur, onlar
ancaq baş dairəsinin ölçüləri nəzarət altında saxlamalıdırlar.
Kəllə ossifikasiyası prosesində böyük əmgək 12-18 aya qədər
tamamilə bağlanır.
- Uşağın inkişafının gecikməsinə səbəb olan amillər nələrdir?
- İnkişaf gecikməsi aşağıdakı səbəblərdən yarana bilər:
• ananın xroniki xəstəlikləri;
• hamiləlik zamanı alkoqol istifadəsi;
• psixotrop dərmanlar;
• irsi faktorlar;
• məişət şəraitinin münasib olmaması;
• ailədaxili münasibətlər;
• zəif qayğı.
- Sonda valideynlərə məsləhətlərinizi bilmək istərdik...
- Uşaq heç bir səbəb olmadan baş ağrısı, başgicəllənmə, daimi yorğunluqdan şikayətlənirsə diqqət yetirin. Əlavə olaraq yeniyetmələrdə qan təzyiqinə nəzarət olunmalıdır, xüsusən də qohumlarda belə bir problem varsa. Körpə planlı şəkildə 1, 3, 6 və 12 aylarında, 1 yaşdan sonra isə ildə bir dəfə nevroloqun konsultasiyasından keçməlidir. Alınan nəticələrdən asılı olaraq əlavə müayinə və müalicə təyin olunur.