Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Zinyət Muradova Trend-ə müsahibə verib.
- Zinyət xanım, hamiləlikdə rast gəlinən ağırlaşmalar hansılardır?
- İlk öncə qeyd etmək istəyirəm ki, hamiləlik qadınlar üçün təbii fizioloji bir haldır. Lakin hamiləliyin gedişatında ana və dölün sağlamlığına təhlükə yarada biləcək bəzi ağırlaşmalar baş verə bilər. Bunlara əsasən hamiləlik zamanı qanaxmalar, hamiləlikdə hipertenziv vəziyyətlər, erkən doğuluş, ekstragenital patologiyalar - ürək-damar sistemi xəstəlikləri, böyrək, qaraciyər, endokrin sistemi xəstəlikləri aid edilir.
- Hamiləlik zamanı hipertenziv vəziyyətləri qeyd etdiniz. Bu vəziyyətlər dölə necə təsir edir?
- Hamiləlik zamanı meydana çıxan ağırlaşma hallarının biri də
hamiləliyin hipertenziv vəziyyətləridir. Hipertenziv vəziyyətlər
dedikdə hamiləliyə qədər mövcud olan xroniki hipertenziya və
hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi,
yəni hestasion hipertenziya, ana və dölün həyatı üçün hər hansı bir
təhlükə yarada biləcək preeklampsiya və eklampsiya nəzərdə tutulur.
Xroniki hipertenziya dedikdə qadında ayrı-ayrı xəstəliklər
nəticəsində yaranan vəziyyət başa düşülür. Əgər arterial təzyiqin
yüksəlməsi hamiləliyin 20-ci həftəsindən sonra başlayarsa, bu
patologiya sırf hamiləliyin fəsadı kimi qiymətləndirilir.
Preeklampsiyanın yayılma tezliyi 5-7 % təşkil edir. Preeklampsiya
poliorqan çatışmazlığına səbəb olaraq böyrəkləri, qaraciyəri, baş
beyini, qanın laxtalanma sistemini zədələmiş olur. Eyni zamanda,
dölün ana bətnində inkişafının ləngiməsinə səbəb ola bilər.
Eklampsiya isə preeklampsiyanın ağırlaşan forması olaraq beyin
pozğunluqları əlamətləri ilə özünü büruzə verir.
- Doktor, bəs risk qruplarına hansı hamilələr aiddir?
- Bu sahədə dünyada çox sayda elmi araşdırmalar aparılmasına və
bunun davam edilməsinə baxmayaraq, hamiləlikdə hipertenziv
vəziyyətlərin yaranma səbəbini izah edən yekun bir nəzəriyyə mövcud
deyil.
Lakin bir sıra risk faktorları var ki, bunların vaxtında
aşkarlanması və lazımi profilaktik tədbirlərin aparılması sözügedən
ağırlaşmaların qarşısını almağa kömək edir. Bu risk faktorlarına
anamnezində preeklampsiya olan qadınlar, 18 yaşdan aşağı və 35
yaşdan yuxarı olan hamilə xanımlar, piylənmədən əziyyət çəkənlər,
yaxın qohumlarında preeklampsiya olanlar, çoxdöllü hamiləlik
keçirənlər, bəzi ekstragenital xəstəlikləri olanlar (ürək-damar
sistemi xəstəlikləri, böyrək xəstəlikləri, hipertoniya, şəkərli
diabet) aiddir.
- Hansı qrup hamilələrdə vaxtından əvvəl doğuşların başvermə tezliyi daha yüksəkdir?
- Vaxtından əvvəl doğuşlar risk qruplarına görə dörd əsas yerə bölünür. Birincisi, sosial faktordur. Sosial faktora 18-dən az və 35-dən çox yaş qrupuna daxil olan, aşağı boy və çəki göstəriciləri olan, bədən çəkisinin aşağı indeksi yəni kifayət qədər qidalanmayan, zərərli vərdişləri olan hamilələr aiddir. Preeklampsiya, ciftin vaxtından əvvəl ayrılması, dölyanı mayenin vaxtından əvvəl axması, çoxsululuq, çoxdöllü hamiləlik kimi hallar mamalıq patologiyaları olan qadınların aid olduğu faktordur. Ekstragenital patologiyaları olan qadınların aid olduğu qrup vardır ki, buraya da ürək-damar, tənəffüs və sidik-ifrazat sistemi tərəfindən baş verən patologiyalar, endokrinoloji problemlərin yaratdığı patologiyaları olan hamilələr aiddir. Sonuncu anatomik faktora isə uşaqlıq boynu çatışmazlığı, ikibuynuzlu, yəhərvari uşaqlıq, istmiko-servikal çatışmazlıq kimi patologiyaları olan hamilələr aiddir.
- Sonda ana olmaq istəyən xanımlarımıza məsləhətlərinizi bilmək istərdik...
- Hamiləlik zamanı baş verə biləcək ağırlaşmaların qarşısını
almağın yeganə yolu antenatal (hamiləlik dövrü) dövrdə həkim
nəzarətində olmaqdır. Hamiləliyi planlayan və hamilə olan qadınlara
demək istərdim ki, hamilə olduqlarını öyrəndikləri ilk gündən
yaşadıqları ərazi üzrə qadın məsləhətxanasına müraciət etsinlər.
Çünki bu halda həkim tərəfindən risk qrupları təyin edilir, lazımi
profilaktik tədbirlər görülür.
Vaxtından əvvəl doğuş təhlükəsi olan hər bir qadın zaman itirmədən
həkimə müraciət edərsə, bu kimi ağırlaşmaların qarşısını zamanında
almaq mümkündür.