...

7 yaşlı uşağın ölümünə görə tutulan idman müəlliminin məhkəməsi başlayır

Cəmiyyət Materials 14 Avqust 2023 15:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azyaşlını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt şəhər Uşaq Xəstəxanasında ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən təlim zamanı tələbəsi Fərid Bakarova çoxsaylı zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mehman Xəlilova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti