Bakı. Trend:
Həqiqətən Omikronun yeni alt növü EG.5 əvvəlki digər altnövlərdən daha yüksək səviyyəli yoluxuculuğu ilə fərqlənir və bu virusun təbii təkamülündə bir mərhələdir.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
"Yəni, təkamül prosesində çoxsaylı mutasiyalar baş verir və yeni-yeni altnövlər əmələ gəlsə də, bunlardan yalnız ən sürətlisi daha çox yayılır. Yayılma sürəti həmin növün insanlarda koronavirusa qarşı mövcud immunitetdən yayınmaq qabiliyyəti ilə müəyyən olunur. Beləliklə, bu növlərdən biri və ya bir neçəsi daha çox yayılır və müəyyən vaxt ərzində dominantlıq edir. Bu hal sonradan daha sürətli variantın peyda olmasınadək davam edir. Bu prosesi izləsək görərik ki, məhz hər bir zaman yeni sürətli variantın əmələ gəlməsi anında müəyyən narahatlıqlar yaranır. Lakin indiyədək bu alt variantın daha ağır hallar törətməsinin sübutu yoxdur. İntensiv terapiya bloklarında artım müşahidə olunmur, bu infeksiyadan ölüm halları isə azalmaqda davam edir. İstənilən halda epidemioloji proses diqqətlə izlənməlidir. Azərbaycanda EG.5 alttipinin olması barədə rəsmi məlumat yoxdur. Beləliklə, koronavirus infeksiyası dalğalarla yayılan infeksiya kimi səciyyələnir. Növbəti dalğalar olarsa əhali daha diqqətli olmalıdır. Qorunma tədbirləri bütün növlər üçün eynidir. Hələ ki, ölkədə epidemioloji durum nəzarət olunandır, yoluxuculuq minimal həddədir. Artımlar olarsa, xüsusən də payız-qış mövsümündə, nəinki koronovirusdan, o cümlədən bütün respirator viruslardan qorunma tədbirlərinə hər bir şəxs tərəfindən ciddi əməl olunmalıdır. Mövsümlə əlaqədar risk qrupuna daxil olan şəxslər qripə qarşı, o cümlədən koronovirusa qarşı peyvənd olunması məsləhətdir. İnfeksiyaların alovlanmaları zamanı əhaliyə qapalı məkanlarda maska geyinmək və s. kimi tövsiyələr olsa da, daha sərt tədbirlərin görülməsinə ehtiyac olmayacağı güman olunur. Səhiyyə Nazirliyi və digər aidiyyatlı dövlət qurumları beynəlxalq təcrübəyə əsaslanaraq epidemioloji prosesi daim izləməkdədir və bütün mümkün qabaqlayıcı tədbirlər görülməkdədir. Bu tədbirlər çərşivəsində əhalinin kütləvi informasiya vasitələri ilə dürüst məlumatlandırılması da böyük əhəmiyyət daşıyır", - deyə o, əlavə edib.