...

Ölkələrimiz arasında sıx inteqrasiya türk dünyasının birliyini artırıb - Nazir

Cəmiyyət Materials 7 Sentyabr 2023 10:47 (UTC +04:00)
Ölkələrimiz arasında sıx inteqrasiya türk dünyasının birliyini artırıb - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı çərçivəsində baş tutan tədbirin təşkilata üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə müvafiq dövlət qurumları arasında faydalı əməkdaşlığa yeni təkan verəcəyinə əminəm.

Trend xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında çıxışı zamanı deyib.

Nazir türk dövlətləri liderlərinin müdrik uzagörənliyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında hərtərəfli münasibətlərin ildən-ilə sürətlə genişləndiyini vurğulayıb:

"Ölkələrimiz arasında sıx inteqrasiya prosesləri qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə genişləndirib, türk dünyasının birliyini, gücünü, qüdrətini artırıb".

Fevral ayında Türkiyədə baş vermiş və bütün türk dünyasını sarsıtmış dağıdıcı zəlzələni xatırladan Kəmaləddin Heydərov dəhşətli təbii fəlakətlə mübarizədə türk dövlətlərinin dəstəyini ölkələrimiz arasında həmrəyliyin bariz nümunəsi adlandırıb:

"Bu çərçivədə, fövqəladə hallarla mübarizə üzrə ölkələrimizin aidiyyəti dövlət qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur".

Təbii və texnogen xarakterli fövqəladə halların getdikcə geniş vüsət aldığı müasir dünyada ölkələrimizin fövqəladə hallarla koordinasiyalı mübarizəsinin əhəmiyyətini qeyd edən nazir K.Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası və iclas çərçivəsində yekun müzakirəsi keçiriləcək “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş”in qurumlar arasında əlaqələrin daha da genişlənməsinə mühüm töhvə verəcəyinə əminlik ifadə edib.

Nazir Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətinə də toxunub.

Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti