Bakı. Trend:
Qlobal iştiləşmə, iqlim dəyişmələri ən qızmar illərdən birini yaşamağımıza səbəb oldu. Azərbaycan da qlobal iqlim dəyişiklikləri və havanın temperaturunun yüksəlməsi problemindən kənarda deyil və ölkəmizdə bir sıra fəsadları artıq yaranıb.
İqlim dəyişikliyini, əsasən, iki amillə əlaqələndirmək olar. Bunlardan birincisi təbii səbəblərdir. Təbii səbəblərə vulkan püskürməsi, günəş radiasiyası, tektonik plitələrin hərəkəti, orbital dəyişikliklər daxildir. Bu fəaliyyətlər nəticəsində bir ərazinin coğrafi vəziyyəti həyatın davam etməsi üçün kifayət qədər zərərli olur. Həmçinin, bu fəaliyyətlər yerin temperaturunu böyük ölçüdə yüksəldir və təbiətdə balanssızlığa səbəb olur.
Alimlərin apardığı beynəlxalq araşdırmada qeyd edilir ki, iqlim, insan fəaliyyəti nəticəsində çoxdan dəyişməyə başlamışdı, lakin bu haqda insanlar keçən əsrdə məlumat əldə edib.
Ötən əsrdə artıq iqlim dəyişikliyi və onun insan həyatına təsiri hiss edilməyə başlanılıb. Məlum olub ki, yerin temperaturu istixana effekti adlanan bir fenomenə görə yüksəlir. Yer səthinin istiləşməsi bir çox ozonun tükənməsinə səbəb olur, kənd təsərrüfatına, su təchizatına, nəqliyyatın fəaliyyətinə və bir sıra digər məsələlərə təsir edir.
İqlim dəyişikliyinə səbəb olan digər amil isə insan fəaliyyətidir. Belə ki, insan ehtiyacı və hərisliyi səbəbindən nəinki ətraf mühitə, həm də özünə zərər vuran bir çox işlər görüb. İnsan fəaliyyəti nəticəsində bir çox bitki və heyvan növləri yox olur. İqlimə zərər verən insan fəaliyyətlərinə meşələrin qırılması, qalıq yanacaqdan istifadə, sənaye tullantıları, müxtəlif növ çirklənmə və sair daxildir.
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 12-ci maddəsinə uyğun olaraq Konvensiyanın Əlavə 1-ə daxil olmayan (inkişafda olan) ölkə kimi, Azərbaycan öz emissiyaları haqqında hesabatı hər dörd ildən bir Konvensiyanın Katibliyinə təqdim edir.
Konvensiya ilə yanaşı, Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürüb. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24%, 2030-cu ilədək isə 30%-ə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub.
Dünyada baş verən və qlobal hal alan iqlim dəyişikliyi ilə bağlı müxtəlif həll və mübarizə yolları axtarılır, müzakirələr aparılır. Bunlardan biri də sabah Birləşmiş Ərəb Əmirliklərində öz işinə başlayacaq olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə 28-ci Konfransıdır (COP 28).
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə bu razılaşmaya qoşulub.
Azərbaycan ilk dəfə sözügedən tədbir çərçivəsində öz pavilyonu ilə təmsil olunacaq. Pavilyonda ölkəmizin iqlim dəyişmələri ilə mübarizə sahəsində gördüyü işlər, yumşaldılma və adaptasiya tədbirlərini özündə əks etdirən virtual eksponatların nümayişi ilə yanaşı müxtəlif yerli, regional və beynəlxalq təşkilatlarla birgə paralel görüş (side event) və seminarlarının keçirilməsi də planlaşdırılır.
Qlobal müstəvidə əhəmiyyətli maraqlı dairələrin (stakeholders) çoxsaylı nümayəndələrinin də iştirak etdiyi COP28 tədbiri Ermənistanın işğal zamanı ərazilərimizdə həyata keçirdiyi ekoterror barədə məlumatların geniş auditoriyaya çatdırılması baxımdan da əhəmiyyətlidir. Bu xüsusda, 2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ölkəmizin işğaldan azad olunmuş ərazilərinə qiymətləndirmə missiyası həyata keçirilib. Sözügedən missiya Vətən müharibəsindən sonra Şuşa və Hadruta ilk dəfə olaraq səfər edən BMT heyəti olması baxımından da əlamətdar olub. Missiyanın nəticəsi olaraq hazırlanmış hesabat gələcəkdə bütün beynəlxalq platformalarda bizim üçün mühüm istinad sənədidir.