Bakı. Trend:
Parlamentin əsas məqsədi odur ki, qanunu müzakirə eləsin. Yəni çıxış edən deputatların heç biri demədi ki, biz bu qanunun əleyhinə, yaxud da lehinəyik.
Trend xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Milli Məclis demokratik bir qurumdur və bu demokratik mühitdə də müzakirə gedir. “Hər kəs də öz fərqli düşüncəsini, fərqli fikrini ortaya qoyur. Əsasda səs çoxluğu ilə hansı fikir qəbul olunursa, o şəkildə də səs verir.
Sosial şəbəkələrdə Azərbaycanı istəməyən insanlar var. Hərbi ümumiyyətlə ən həssas bir məqamdır. Bütün ölkələrdə hərbi ilə bağlı hər hansı bir dəyişiklik ortaya çıxanda onun mənfi tərəflərini axtarıb tapmaq istəyirlər. Bu da, lazım deyil. Əslində burada yeganə mübahisə doğuran bir məsələ beş il müddətin artırılmasıdır. Mən hesab edirəm ki, burada dəfələrlə söylənildi ki, bu ordumuzun milli maraqlarımızı təmin edəcək qüdrətdə, gücdə olması üçün atılan addımdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Qanun layihəsində bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.
Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görəqulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklif edilir. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.
Yuxarıda qeyd olunanlarla yanaşı, qanun layihəsində hərbi qulluqçuların təhsil almaq hüququnun həyata keçirilməsi ilə bağlı və başqa dəyişikliklər də əks olunub.