...

Xəzərdə süni torpaq yaradılması ilə bağlı layihə plenar iclasa tövsiyə olundu

Cəmiyyət Materials 16 Aprel 2024 15:18 (UTC +04:00)
Xəzərdə süni torpaq yaradılması ilə bağlı layihə plenar iclasa tövsiyə olundu
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bak. Trend:

Aprelin 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə birinci oxunuşda 5 məsələnin daxil edildiyini söyləyib.

Parlamentdən Trend-ə verilən məlumata görə, Komitə sədri birinci məsələnin “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi olduğunu bildirib. O, layihənin beynəlxalq təcrübəyə əsasən hazırlandığını, ölkə Konstitusiyasına, bu sahədə qoşulduğumuz konvensiyalara uyğun olduğunu deyib.

Sonra iclasda iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dəniz akvatoriyasında tökmə torpaq üzərində tikinti obyektlərinin inşası, o cümlədən yaşayış binalarının tikintisi son dövrlərdə dünyada geniş vüsət alıb. Bununla əlaqədar olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması məsələsinin aktuallığı və müvafiq qanun layihəsinin hazırlanması zərurəti qeyd olunub.

Bildirilib ki, layihədə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsi olaraq qeyd edilir. Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb. Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur.

Sonra “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

İclasda gündəlikdə olan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına birinci oxunuşda tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti