Bakı. Trend:
Hər bir qadın hamiləlik dövrünü rahat və normal şəkildə başa vurmaq istəyir. Hamiləliyin sağlam başa vurulması üçün nəzərə alınmalı bir neçə məqamlar mövcuddur. Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva deyib.
Trend A.Qaybalıyeva ilə müsahibəni təqdim edir:
- Aynurə xanım, hamiləliyin sağlam başa vurulması üçün vacib olan məqamlar hansılardır?
- Təbii ki, hər bir qadın hamiləlik dövrünü rahat və normal
şəkildə başa vurmaq istəyir. Hamiləliyin sağlam başa vurulması üçün
nəzərə alınmalı bir neçə məqamlar mövcuddur. İlk növbədə vaxtında
həkim qəbuluna getmək mütləqdir. Antenatal qulluğun, yəni
doğuşaqədər nəzarətin əsas məqsədi hamiləliyin sağlam
sonlandırılması və dölün sağlamlığının qorunmasıdır. Hamiləliyin
fizioloji gedişi haqqında məlumatlı olmaq və ona uyğun şəkildə
müayinələrdən keçmək üçün qadın mütləq şəkildə həkim-ginekoloqun
konsultasiyasına getməlidir.
“Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə Kliniki
Protokol”a əsasən, müraciət edən qadına həkim tərəfindən həftələrə
uyğun olaraq gəliş günləri təyin edilməlidir. Eyni zamanda, analiz
və müayinələr icra etdikdən sonra lazım gəldiyi təqdirdə müvafiq
müalicə planı təyin olunmalıdır.
- Hamiləlikdən öncə və hamiləlik zamanı fol turşusu hansı səbəbdən qəbul edilir?
- Fol turşusu (vitamin B9) dölün böyüməsi və inkişafı,
hematopoez, qan dövranı, sinir, ürək-damar və reproduktiv
sistemlərin normal fəaliyyəti üçün zəruri olan bir maddədir. Bundan
əlavə, fol plasentanın normal inkişafı üçün zəruri olan dölün sinir
borusunun formalaşmasında mühüm rol oynayır.
Fol turşusu (Vitamin B9) uşaqda sinir sisteminin normal inkişafı
üçün önəmli maddədir. Hamiləlikdən öncə və hamiləliyin ilk 12
həftəsinə qədər fol turşusunun qəbul edilməsi sinir sistemi ilə
bağlı problemlərin rastgəlmə tezliyini 50-70%-ə qədər azaldır.
Əgər hamilə qadının anamnezində sinir sisteminin qüsurları ilə
dünyaya gəlmiş uşaq varsa, pasiyentin artıq çəki problemi
mövcuddursa, fol turşusu çatışmazlığı ilə bağlı anemiya varsa
istisna hallar kimi həkim mama-ginekoloq tərəfindən fol turşusunun
miqdarı və dozası artırıla bilər.
- Hamiləlikdə tonus hansı hallarda yaranır?
- Demək olar ki, əksər hamilə qadınlar ultrasəs müayinəsi zamanı
“uşaqlıq tonusdadır” kimi ifadə ilə qarşılaşır. Əslində belə
diaqnoz mövcud deyil. Çünki uşaqlıq özü əzələvi orqandan təşkil
olunub və hər bir əzələvi orqanın da funksiyası onun
yığılıb-boşalma qabiliyyətinə malik olmasıdır.
Təbii ki, hamiləlik zamanı uşaqlıq əzələsi stress, fiziki-emosional
gərginlik kimi müəyyən faktorların təsirindən yığılıb-boşala bilər.
Bu hal da hamilə qadında ağrı hissi yaradır və ana bətnində dölün
yerini daraldır. Ağrını və bərkliyi azaltmaq üçün müəyyən
spazmolitik təsirə malik dərmanlar, yəni əzələ boşaldan dərman
preparatları təyin edilir.
Bununla yanaşı, hamilə qadın çox ağrı hiss etmədiyi zaman yaranan
tonusu azaltmaq üçün istənilən gərginlikdən uzaq olmalı, lazımi
qədər istirahət etməli və bədənin bütün əzələlərini boşaltmağa
çalışmalıdır.
- Hamiləlikdə ikili test nə üçün verilməlidir?
- Ana namizədi hamiləlik dövründə özündən daha çox körpəsinin
sağlamlığını düşünür. Psixoloji cəhətdən dölün inkişafının normaya
uyğun getdiyinə əmin olması qadını rahatlaşdırır.
Ultrasəs müayinələrdən əlavə, bəzi laborator analizlər var ki,
onların nəticəsində hamilə bətnindəki körpənin genetik quruluşunun,
xromosomlarının normaya uyğun inkişafını öyrənə bilir. Belə
testlərdən biri də məhz ikili testdir. Bu skrininq testidir və bir
çox xromosom anomaliyalarının (Daun sindromu, Edvards sindromu və
s) diaqnostikasının aparılması məqsədilə verilir.
İkili tarama testi aparılmamışdan öncə hamiləyə USM icra edilir.
Hamiləliyin 11-14-cü həftəsində aparılan ultrasəs müayinəsi
vasitəsilə dölün ənsə qalınlığı, eyni zamanda boyun uzunluğu
ölçülür və qeyd olunur.
Əsas məsələ analizin USM olunan gün baş tutmalı olduğudur. Qadın
USM nəticələri ilə birlikdə qan vermək üçün laboratoriyaya
getməlidir. Qanda beta-HCG və РАРР-А adlandırılan zülal ölçülür.
Ultrasəs müayinəsindən, qan testindən alınan nəticələr və hamilə
qadın haqqında əldə edilən bəzi məlumatlar birlikdə
qiymətləndirilir.
- Təbii doğuş və qeysəriyyə ilə başa çatdırılan hamiləliklər arasında nə kimi fərqlər mövcuddur?
- Uşaqlıq üzərində kəsiyin aparılması ilə doğuşun abdominal
yolla başa çatdırılması qeysəriyyə kəsiyi adlanır. Əgər hamilənin
anamnezində qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər
əməliyyatın olması mövcuddursa, doğuş yollarının anomaliyaları,
dölün köndələn vəziyyəti, ağır ekstragenital xəstəliklər və s. kimi
hallar, yaxud ağır preeklampsiya, eklampsiya kimi təcili hallar
varsa, bu artıq qeysəriyyə kəsiyi üçün göstəriş hesab edilir. Bu
zaman həkim tərəfindən ananın və körpənin sağlamlığının qorunması
üçün hamiləliyin cərrahi yolla başa çatdırılması təyin olunur.
Hər bir hamilə qadın gələcək körpəsinin ana bətnində necə
böyüdüyünü və sağlamlıq durumunu bilmək və izləmək istəyir. Səhiyyə
Nazirliyinin istifadəyə verdiyi “Burla Xatun” mobil tətbiqi
hamiləliyiniz, körpənizin inkişafı və hamilə qadınlar üçün
əhəmiyyətli tövsiyələrlə bağlı məlumatları tez və asanlıqla əldə
etmək imkanı verir. “Burla Xatun” mobil tətbiqi vasitəsi ilə
hamiləliyin gedişatını və körpənin inkişafını həftələr üzrə
izləmək, doğuş tarixini hesablamaq, digər sağlamlıq göstəricilərini
idarə etmək, dölün ultrasəs görüntüsünü, digər qeydiyyatları və
məlumatları saxlamaq mümkündür.
Mobil tətbiqini telefonunuzda İOS
(https://apps.apple.com/ca/app/burla-xatun/id1540641777) və Android
(https://play.google.com/store/apps/details?id=com.burlaxatun.app&hl=az)
sistemləri vasitəsi ilə yükləmək olar.
Ümumiyyətlə, hamilə qadın 9 ay boyunca psixoloji cəhətdən normal
doğuşa özünü hazır hiss etməlidir. Bu prosesdə həkim
mama-ginekoloqun rolu böyükdür. Hər bir həkim pasiyenti təbii
doğuşa hazırlamalı, bunun tamamilə fizioloji bir proses olduğunu
hamilələrə aşılamalıdır.
Həkim mama-ginekoloqun əsas vəzifəsi ilk öncə ananın və körpənin
sağlamlığının qorunmasını təmin etməkdir. Bütün hamilə qadınlara
vaxtı-vaxtında konsultasiyalara getməsini, eyni zamanda öz
həkiminin təyin etdiyi müayinə və müalicə planına düzgün əməl
olunmasını tövsiyə edirəm.
Bilmək vacibdir ki, sağlam ana gələcək körpənin sağlamlığının
zəmanətidir. Sağlam həyat tərzinə aiddir sağlam qidalanma, fiziki
aktivlik və zərərli vərdişlərdən imtina (məsələn, siqaret çəkmə,
spirtli içkilər, narkotik maddələr və s.).
Hamiləlik dövründə qadın ana olmağa hazırlaşdığı zaman onun iş və
ailə həyatının dinamikası, fizioloji və psixoloji ehtiyacları
dəyişir. Hamiləliyin 40 həftəsi ərzində sağlam mühit və həyat tərzi
dəyişikliklərə məruz qalan qadının optimal sağlamlığını təmin etmək
üçün çox vacibdir.
Yüksək keyfiyyətli antenatal qulluq (hamiləlik boyu peşəkar tibbi
yardım) ana və yeni doğulmuş körpənin sağlamlığının monitorinqi
üçün vacibdir.
Hamiləlik dövründə və doğuşdan sonra sağlam olan qadınların sonrakı
həyatlarında da sağlam qalma ehtimalı daha yüksəkdir.