Bakı. Trend:
Xarici dil (rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) üzrə müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi başlayıb.
Trend xəbər verir ki, bugünkü imtahan prosesinə 9 797 nəfər xarici dili müəllimi dəvət olunub.
Test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində keçirilir.
xxx
06:10
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər.
Bu barədə Trend-ə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, iyunun 21-də riyaziyyat müəllimləri imtahan veriblər. Sertifikatlaşdırma imtahanı, həmçinin iyunun 24-də keçiriləcək. Builki imtahanlar riyaziyyat, xarici dil (rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərini əhatə edir.
Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris fənni üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.
Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.
Cari ildə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.