...

Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib

Cəmiyyət Materials 17 Avqust 2024 20:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 17-də dünya şöhrətli müğənni, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 82-ci ildönümü qeyd edilib. Bu münasibətlə, Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov, və Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxış ediblər. Onlar Müslüm Maqomayevin parlaq və zəngin yaradıcılığından, onun doğma vətəni Azərbaycana olan dərin bağlılığından bəhs ediblər.

Çıxışlarda Maqomayevin təkcə müğənni kimi deyil, həm də heykəltaraş, pianoçu, rəssam və bəstəkar kimi çox yönlü istedada malik olduğu vurğulanıb. Ötən əsrin 60-70-ci illərində böyük şöhrət qazanan Maqomayevin dünyanın ən məşhur konsert salonlarında anşlaqla keçən çıxışları, qastrol səfərləri və zəngin yaradıcılığı haqqında da söhbət açılıb.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub və tanınmış bəstəkar Müslüm Maqomayevin nəvəsidir. Beynəlxalq mahnı müsabiqələrində Azərbaycanı təmsil edərək birinci yerləri qazanıb və "Qızıl val" mükafatına layiq görülüb. O, rəhbərlik etdiyi simfonik orkestrlə birgə Sovet İttifaqının şəhərlərində və Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə uğurlu konsertlər verib.

Müslüm Maqomayev 1964-cü ildə Azərbaycan SSR-nin “Əməkdar artisti”, 1971-ci ildə “Xalq artisti”, 1973-cü ildə isə SSRİ-nin “Xalq artisti” fəxri adlarını alıb. 1997-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2002-ci ildə isə “İstiqlal” ordeni ilə təltif edilib. Əfsanəvi sənətkar 2008-ci il oktyabrın 25-də vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti