Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifələrini icra edən Aytəkin Qurbanova nazirliyin saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Aytəkin xanım, ilk öncə bilmək istərdik ki, quduzluğun əlamətləri hansılardır?
- Quduzluq ağır infeksion zoonoz, yəni heyvanlardan heyvanlara və ya insanlara keçən xəstəlikdir. Kəskin virus mənşəli və mərkəzi sinir sisteminin iltihabi, degenerativ və nekrotiki zədələnməsi ilə səciyyələnir. Xəstəliyə yoluxma quduz heyvanların dişləməsi, cırmaqlaması və ya zədələnən dəri və selikli qişaya heyvanların ağız suyunun təması nəticəsində baş verir. Virus zədə nahiyəsindən insan orqanizminə daxil olduqdan sonra törədici sinir hüceyrələri vasitəsilə mərkəzi sinir sisteminə daxil olur. Burada viruslar toplanır və nəticədə ensefalit inkişaf edir. Sonradan virus tüpürcək vəzilərinə daxil olaraq orada intensiv şəkildə çoxalmağa başlayır.
Quduzluq xəstəliyi ağır əlamətərlə xarakterizə olunur.
Heyvanlarda gizli, inkubasiya dövrü 10 gündən 3-8 həftəyə qədər
davam edir. İnkubasiya dövründən sonra heyvanda oyanma, ağız suyu
axması, qusma, sudan qorxma əlamətləri meydana çıxır. Heyvanlar
gizli dövrün sonunda (xəstəlik təzahürlərindən 2-10 gün əvvəl)
yoluxucu olur.
İnsanlarda quduzluğun gizli dövrü əsasən 1-2 ay davam etsə də, 1
həftəyə qədər qısala, 3-4 aydan 1 ilə qədər uzana bilər. Gizli
dövrün müddəti xəstənin yaşından, immun sisteminin vəziyyətindən,
zədələnmənin növündən (cırmaqlama, dişləmə, tüpürcəkləmə) və
lokalizasiyasından asılıdır. Belə ki, uşaqlarda və dişlənmə
nahiyəsi nə qədər mərkəzi sinir sisteminə yaxın olarsa, xəstəliyin
inkubasiya dövrü bir qədər qısa olur.
- Xəstəliyin insanlarda inkişafının neçə mərhələsi var?
- İlk öncə xəstəlik zədə və ya yara yerinin birbaşa narahat etməsi ilə başlayır. Xəstədə depressiv hal və yuxunun pozulması əlamətləri müşahidə olunur. Bədənin hərarəti subfebril olur. İknci mərhələdə qıcolmalar, spazmlar, işıqdan və sudan qorxma (hydrofobiya), psixomotor oyanma əlamətləri müşahidə edilir. Üçüncü mərhələdə isə, xəstə hərəkətsizləşir, bədənin hərarəti 40 dərəcəyə qədər qalxır, xəstə komatoz və paraliç vəziyyətinə düşür.
- Quduzluğa qarşı uşaqlarda və böyüklərdə hansı peyvənddən və neçə dozadan istifadə olunur?
- Heyvan dişləməsinə məruz qalan hər bir şəxs, yaşından asılı olmayaraq, quduzluq virusuna yoluxmanın qarşısını almaq məqsədilə dərhal yaxınlıqda olan tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurdulmalıdır. Quduzluq virusu insanlar üçün həyatı təhlükəsi olduğundan zədələnmənin lokalizasiyasından asılı olaraq antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur. Əlavə olaraq tetanus xəstəliyindən qorunmaq üçün tetanus əleyhinə anatoksin vurulur. Heyvan tərəfindən zədələnməyə məruz qalan şəxsin müalicə kursu tibb müəssisəsində həkim-cərrah tərəfindən təyin edilir. Xəstə məlum heyvan dişləməsinə məruz qaldıqda və o heyvan 10 gün müddətində sağ qaldıqda, şərti müalicə kursu təyin edilir. Əgər heyvan naməlumdursa, və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu təyin edilir.
Şərti müalicə zamanı xəstəyə zədələnmənin 0, 3 və 7-ci günləri antirabik vaksin vurulur. Qeyri-şərti zamanı xəstəyə zədələnmənin 0, 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Bu iynələrin hər biri əzələdaxilinə yeridilir.
- Quduzluğun müalicə dövrü nə qədərdir və bu müddət ərzində nələrə əməl edilməlidir?
- Müalicə dövrü dişləmənin lokalizasiyasından və dişləyən heyvanın sağlıq vəziyyətindən asılıdır. Lakin ümumilikdə müalicə kursu 1 aya qədər davam edir. Bu müddət ərzində xəsarət alan antirabik vaksin vurdurmaq üçün müraciət etdiyi tibb müəssisəsində işləyən cərrah və onun tibb bacısı ilə tez-tez əlaqə saxlamalı, sağlıq vəziyyəti və zədə nahiyəsi haqqında ətraflı məlumat verməlidir. Bundan əlavə, müalicə məqsədilə antirabik vaksinlərini vurdurmaq üçün cərrah tərəfindən tərtib olunan sxem üzrə həkimə vaxtında müraciət etməlidir. Əgər zərərçəkən cərrah tərəfindən təyin edilən vaxtlarda həkimə müraciət etməzsə, o zaman vaksinasiya arasında olan interval pozulur. Bu da vaksin effektivliyinin aşağı olmasına gətirib çıxardır.
Xəstələrə müalicə aldığı dövrdə və 6 ay müddətində özlərini qorumaq tövsiyə edilir. Məsələn, spirtli içki içmək, fiziki olaraq ağır iş görmək, uzun müddət hamamda və saunada olmaq, özünü soyuğa vermək kimi hallardan uzaq olmaq məsləhətdir. Bu müddət ərzində özünü qorumadıqda aparılan vaksinasiya nəticəsində anticisimlər ləng əmələ gəlir və nəticədə immunitet zəifləyir. Əgər xəstə immunodepressantlarla, yaxud kortikosteroidlərlə paralel müalicə olunursa, anticisimlərin virusa nəzarəti təmin olunmalıdır. Quduzluq xəstəliyinə artıq yoluxmuş xəstənin müalicəsi isə yalnız stasionar şəraitdə aparılır.
- Azərbaycanda heyvan dişləmələri ilə bağlı statistik məlumat verərdiniz...
- Respublika üzrə 2024-cü ilin ötən dövrü ərzində 29 min 489 heyvan dişləməsi qeydə alınıb. Bunlardan 16 min 334 hadisə məlum heyvanlar (it, pişik), 13 min 155 hadisə naməlum heyvanlar (it, pişik, siçovul) tərəfindən olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin keçən dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 800 nəfər azalıb.
Heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik
vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində
kifayət qədər antirabik vaksin var.
Qeyd edim ki, 2024-cü ilin müvafiq dövrü ərzində quduzluq hadisəsi
qeydə alınmayıb.
- Doktor, ev heyvanlarından quduzluğa yoluxmaq olar?
- Virus istiqanlı heyvanların bir çox növləri həm vəhşi, həm də
ev heyvanları üçün patogendir. Quduzluğa canavarlar, çaqqallar,
tülkülər, yenotabənzər itlər, pişiklər, iribuynuzlu qaramal və s.
heyvanlar yoluxur. Bunlardan canavarlar, tülkülər və s. itkimilər
dəstəsinin nümayəndələri aparıcı yer tutur. Xəstəlik törədicisinin
mənbəyi xəstə ev heyvanları (əsasən it və pişiklər) və vəhşi
heyvanlar (canavar, tülkü, çaqqal, porsuq, skuns, yenot və s.)
hesab olunur. Yarasalar və gəmiricilərin rezervuar olaraq
xəstəliyin yayılmasında rolu böyükdür. Sahibi saxladığı heyvanı
baytar həkimi müayinəsindən vaxtında keçirilmədiyi, peyvəndlərini
vaxtı-vaxtında almadığı halda və quduzluğa yoluxmuş heyvanla təmas
olduğu halda, məlum heyvanında quduzluğa yoluxması baş verə
bilər.
Şübhəli heyvanın dişlədiyi şəxs peyvəndi gecikdirərsə və xəstəlik
şiddətlənərsə hansı ağırlaşmalar müşahidə edilir? Əlamətlərinə
nələr daxildir?
Təəssüf ki, quduz heyvan dişləməsinə məruz qalan xəstələr vaxtında
həkimə müraciət etmədikdə insanlarda quduzluğa yoluxma baş
verir.
Kliniki əlamətlər meydana çıxanda xəstəlik hər biri müxtəlif
əlamətlərlə özünü büruzə verən 3 inkişaf mərhələsindən keçir.
Xəstəliyin 24 saatdan 3 günədək davam edən ilkin mərhələsi üçün
aşağıdakı əlamətlər səciyyəvidir: yaranın yeri iltihablanır və
şişir, subfebril hərarərt, baş ağrıları, ürəkbulanma, qusma,
süstlük yaranır, sifət nayiyəsi zədələnibsəiybilmə və görmə
hallüsinasiyaları yaranır. Xəstəni əslində mövcud olmayan qoxular
və qarabasmalar təqib etməyə başlayır, psixi problemlər yaranır.
Oyanma mərhələsi adlanan və 2 gündən 3 günədək davam edən növbəti
mərhələ üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: sinir sistemi
zədələndiyi üçün sinir sisteminin reflektor fəaliyyətinin oyanması
güclənir, vegetativ sinir sisteminin tonusu üstünlük təşkil edir.
Hidrofobiyanın inkişafı xəstəliyin şiddətlənməsinin aşkar
əlamətidir. Xəstəlik şiddətləndikcə xəstədə axan suyun səsinə və
hətta onun görünüşünə belə spazmalar yaranır. Xəstə çətin nəfəs
alır, sifətində qıcolma əlamətləri müşahidə olunur. Parlaq işıq,
külək və ya yel, uca səs xəstədə qıcolma yaradır və o, qorxmağa
başlayır. Onun bəbəkləri genişlənir, gözləri hədəqəsindən çıxır,
baxışları bir nöqtəyə zillənir, nəbzi tezləşir, güclü tərləyir,
ağzının suyu durmadan axır və getdikcə daha da çoxalır. Psixi
pozulmalar şiddətlənir, xəstə quduzlaşır və özünü o qədər aqressiv
aparır ki, ətrafdakılara hücum çəkir, onları dişləməyə, əynindəki
paltarları cırmağa, saçlarını yolmağa, özünü divara çırpmağa
başlayır. Tutma qızğın həddə çatanda xəstənin nəfəsi kəsilə, ürəyi
dayana bilər. Tutma keçəndə isə o, özünü adekvat və sakit aparır,
nitqi səlisləşir və məntiqli olur.
Xəstəliyin son fazası isə iflic dövrüdür, adətən bir-iki gün çəkir.
Xəstənin hərarəi 42 dərəcəyə yüksəlir, ürək döyüntüləri artır,
arterial təzyiq düşür və xəstə iflic vəziyyətinə düşür.
- Quduzluğa yoluxmamaq üçün nələri bilmək vacibdir?
- Hər hansı bir heyvan hücumuna məruz qalma halları qeyd edilərsə, bu zaman quduzluq virusuna yoluxma şübhəsi olduğundan xəstə dərhal yaxınlıqda olan tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurdurmalıdır.
Heyvanlar arasında quduzluq xəstəliyinin profilaktikası baytarlıq idarəsinin həkimləri tərəfindən sahibsiz itlərə peyvənd vurulması ilə aparılır. Bundan başqa ev şəraitində heyvan saxlayan vətəndaşlar mütləq şəkildə öz heyvanlarını müntəzəm olaraq baytar həkiminin müayinəsindən keçirtməli, peyvəndlərini vurdurmalıdırlar. İnsanların isə bu xəstəliyə yoluxmaması üçün çöl heyvanları ilə təmasdan uzaq durması vacibdir. Küçədə sahibsiz heyvanlarla təmasa yol verilməməlidir (əl vasitəsilə yemləndirmə, sığallama s.).
Valideynlər heyvanlar olduğu məkanlarda balaca uşaqları nəzarətsiz qoymamalıdır. Sahibli heyvanlar sahibləri tərəfindən yalnız ağızlıqlarla küçədə gəzdirilməlidir.