Bakı. Trend:
AZAL təyyarəsinin Aktaudakı aviaqəzası ilə bağlı yekun hesabat cari ilin dekabr ayına kimi dərc olunacaq.
Trend xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Beynəlxalq Mülki Aviasiya Təşkilatının tövsiyə olunan praktikasına əsasən, araşdırmanın aparılmasına bir il ayrılır, ona görə də yekun hesabat cari ilin dekabr ayına kimi yekunlaşmalıdır”, - deyə o bildirib.
Cinayət üzrə təhqiqata gəlincə, Lastayev bunun prokurorluq orqanları tərəfindən aparıldığını bildirib.
“Bu cinayət işi ilə məşğul olan operativ-istintaq qrupu var. Yəqin ki, onlar aviaqəza ilə bağlı vəziyyəti vaxtında aydınlaşdıra biləcəklər”, - deyə nazir müavini əlavə edib.
Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.