Bakı. Trend:
ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika Beynəlxalq Təhsil Şurası ilə birgə “EducationUSA” məzunları sərgisini təşkil edib.
Trend-in məlumatına görə, sərginin açılışında çıxış edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara bildirib ki, ABŞ ali təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün əvvəllər olduğu kimi bu gün də ən cəlbedici istiqamətlərdən biri olaraq qalır və son illər ərzində ABŞ-da təhsil alan azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb.
Gevaranın sözlərinə görə, 2023–2024-cü tədris ilində ABŞ-da 1130 nəfər azərbaycanlı tələbə təhsil alıb. Bu, əvvəlki illə müqayisədə 25,4 faiz çoxdur.
“Bu artıq dördüncü ildir ki, belə əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Bu rəqəmlər Amerika təhsilinin keyfiyyətinə artan marağı və inamı əks etdirir”, – o bildirib.
Diplomat əlavə edib ki, azərbaycanlı tələbələr ABŞ-də oxuduqları zaman təkcə yüksək səviyyəli təhsil almırlar, həm də mədəniyyət səfirlərinə çevrilirlər, yeni dostluq əlaqələri qururlar və ölkəyə geri qayıtdıqda Azərbaycanın gələcəyinə təsir göstərə biləcək yeni ideyalar gətirirlər.
“Və bu yolda onlar tək deyillər – bir çox tələbə ABŞ universitetlərini seçir, çünki Amerika təhsil sahəsində dünya lideri olaraq qalır. ABŞ-də dünyanın ən yaxşı ali təhsil müəssisələri yerləşir, həmçinin müxtəlif ali məktəblər və idman növləri üzrə təqdim olunan çoxsaylı təqaüd proqramları mövcuddur”, – deyə Gevara vurğulayıb.
O əlavə edib ki, ABŞ-də 5000-dən çox universitet və kollec fəaliyyət göstərir və onların hər biri müxtəlif təhsil proqramları təklif edir.
“Bəzən haradan başlamağı anlamaq çətin olur. Məhz buna görə ABŞ səfirliyi EducationUSA proqramını dəstəkləyir – bu proqram tələbələrə uyğun təhsil müəssisəsi və proqram seçməkdə kömək edir”, – Gevara qeyd edib.
Qeyd edək ki, sərgi Amerika Birləşmiş Ştatlarında təhsil almağa maraq göstərən orta məktəb şagirdləri, tələbələr və onların valideynləri üçün unikal bir imkan olub.