Bakı. Trend:
Gürcüstan və Azərbaycan arasında təcrübə mübadiləsi ələlxüsus hibrid hücumlar şəraitində vacibdir.
Trend xəbər verir ki, bunu bu gün “PosTV” gürcü teleşirkətinin analitik bölməsinin nümayəndəsi Qiya Abaşidze Bakıda keçirilən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bizə qarşı saxta xəbərlər və dezinformasiya yayılır. Belə vəziyyətdə Azərbaycandan olan tərəfdaşlar və həmkarlarla əməkdaşlığı gücləndirmək vacibdir”, – deyə o qeyd edib.
G. Abaşidze vurğulayıb ki, bu cür forumun keçirilməsi iki ölkənin media təşkilatlarını yaxınlaşdırmaq və daha sıx qarşılıqlı əməkdaşlıq üçün platforma yaratmaq baxımından mühüm rol oynayır.
“KİV-lər, siyasətçilər və ictimai ekspertlər arasında əlaqələndirmə zəruridir. Bu günkü media-forum əməkdaşlığımızı möhkəmləndirmək istiqamətində mühüm addımdır”, – deyə o əlavə edib.
