...

Mətbuat Şurasının sədri Gürcüstan prezidentinə müraciət hazırlayıb

Cəmiyyət Materials 23 Fevral 2006 13:56 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşviliyə məktub hazırlayıb. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O, bildirib ki, Gürcüstanın dövlət başçısına müraciət fevralın 22-də bu ölkədə azərbaycanlıların keçirdiyi piket zamanı ANS və "Lider" kanallarının əməkdaşlarına qarşı edilən zorakılıqla bağlıdır.

Qeyd edək ki, Gürcüstanın Marneuli rayonunun Dəmyə Görarxı kəndinin sakinləri torpaq problemlərinin həll edilməməsinə etiraz olaraq piket keçirməyə cəhd göstəriblər, lakin bu aksiya hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dağıdılıb. Azərbaycanın ANS və "Lider" kanallarının Gürcüstandakı əməkdaşları Nuri Osmanov və Almaz Kələyevə zorakılıq edilib və aksiyanı kamera ilə lentə aldıqları kaset əllərindən alınıb.

Hadisə ilə əlaqədar Azərbaycan Mətbuat Şurası Gücüstanın hüquq-mühafizə orqanları, həmçinin Azərbaycanın bu ölkədəki səfirliyi ilə əlaqə saxlayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstan prezidentinə də məktub hazırlayıb və müraciətində M.Saakaşvilinin baş vermiş insidentin araşdırılması, kasetin tapılması və jurnalistlərə qarşı zorakılığa yol vermiş şəxslərin cəzalandırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib.

Xəbər lenti

Xəbər lenti