İyulun 12-də Moskvada tanınmış poitoloq və publisist Qriqori Trofimçukun "Azərbaycanı kəşf edərkən" kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edək ki, Q.Trofimçuk Rusiya Dövlət Dumasında müdafiə məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır. O, bir neçə dəfə Azərbaycanda olub, ölkəmizin ictimai-siyasi həyatı, xalqımızın qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı bilgilər toplayıb. "Azərbaycanı kəşf edərkən" kitabında keçmiş SSRİ-nin 15 respulikasından biri olmuş və bu gün müstəqil dövlət kimi beynəlxalq aləmdə özünə layiqli yer qazanmış Azərbaycanın geosiyasi əhəmiyyəti geniş təhlil olunub. Müəllif Rusiyanın Azərbaycanla bağlı siyasətini tənqid edərək, ölkəmizlə münasibətlərin daha da yaxşılaşdırılmasına ehtiyac duyulduğunu vurğulayır. Kitabda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı proseslər, respublikamızın iqtisadi imkanları və perspektivləri barədə məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, kitabın təqdimat mərasimi Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyatı tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin nümayəndələri, Rusiyanın ictimai-siyasi dairələrinin təmsiçilələri, Azərbaycan diasporunun üzvləri iştirak edəcəklər.