...

KİV bazarının durumu ilə bağlı ümummilli ictimai rəy sorğusunun nəticələri açıqlanıb

Cəmiyyət Materials 18 İyul 2006 14:50 (UTC +04:00)

Azərbaycanda qəzet naşirləri konsorsiumunun yaradılması proqramının və KİV bazarının öyrənilməsi məqsədi ilə ölkədə ilk ümummilli ictimai rəy sorğusu keçirilib. Trend in məlumatına görə, iyulun 18-də Beynəlxalq Mətbuat Mərkəzində rəy sorğusunun nəticələrinin təqdimat mərasimi olub.

Tədbirin təşkilatçısı olan "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, Azərbacanda bir neçə gündəlik qəzetdən ibarət Naşirlər Konsersiumunun yaradılmasına qərar verilib. Bu konsensium dövri nəşrlərin durumunu, fəaliyyətini, onların müxtəlif problemlərini və KİV bazarını araşdırmaq məqsədilə geniş miqyaslı ictimai rəy sorğusu keçirib. Arif Əliyevin sözlərinə görə, sorğu ölkənin 12 şəhərində və 15 rayonunda aparılıb, ümumilikdə 1000 nəfər respondent iştirak edib.

Sorğudan alınan cavablara əsasən, respondentlərin əksəriyyəti - 71 faizi ümumiyyətlə, qəzet-jurnal almır. Cəmi 2,8 faizi gündəlik qəzet alır, 17 faizi həftədə bir dəfə qəzetə pul verir. İştirakçıların 29 faizi hesab edir ki, qəzetlər maraqlı deyil, bir-birilərini təkrarlayır, 21 faizi bildirir ki, qəzet almağa pulları yoxdur, 9,2 faizi deyir yayım-satış sistemi elə qurulub ki, qəzet almaq imkanları olmur. A.Əliyevin sözlərinə görə, orta hesabla götürəndə Azərbaycanda hər bir gündəlik qəzetə 3,5 nəfər oxucu düşür. Əhalinin böyük əksəriyyəti qəzetləri köşklərdən əldə edir, səyyar satış, əldə yayım, firma yayımı və abunə ilə qəzetlərin satışı isə çox aşağı səviyyədədir. Nəşrlərin mövzularına gəldikdə, əhalini ən çox maraqlandıran məsələlər arasında Qarabağ problemi üstünlük təşkil edir, 46 faiz isə beynəlxalq hadisələrlə maraqlanır, siyasi partiyaların fəaliyyətinə marağın səviyyəsi isə xeyli aşağı düşüb. Oxucuları daha çox analitik yazılar cəlb edir. Qəzetlərin oxunmamasının səbəblərinə gəldikə, sorğu iştirakçılarının 30 faizi bildirir ki, qəzetlər maraqlı olsa alarlar, lakin əksəriyyət - 66 faizi isə deyir ki, qəzet almağa maddi imkanı çatmır.

"İctimai rəy sorğusunun nəticələrinə əsasən, qəzet bazarının aşağı səviyyədə olmasının əsas səbəbi əhalinin maddi durumunun aşağı olmasıdır. Həmçinin nəticələr göstərir ki, elektron KİV qəzetlər üçün təhlükə deyil. Yəni, "Azərbaycanda qəzet dövrü artıq bitib" tezisi əsaslı deyil"-deyə A.Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti