"Karvan" futbol klubunun rəhbərliyi komandanın "Qarabağ"la oyununun birinci turunun başqa vaxta keçirilməsi xahişi ilə AFFA-ya müraciət edib.
Yarışların keçirilməsi üzrə departamentin başçısı Məlik Həsənovun Trend ə xəbər verdiyi kimi, yevlaxlılar bütün qüvvələrini UEFA Kubokunun ikinci raundunun avqustun 10-da "Şəfa" stadionunda keçiriləcək "Slaviya" komandasına qarşı ilk qarşıdurmasının hazırlığına yönəltmək niyyətindədirlər. "Biz "Karvan"ın xahişini nəzərə aldıq və yaxın günlər ərzində bu məsələ üzrə qərar qəbul edəcəyik. Təqvim görüşü başqa günə keçirilərsə, o zaman bu görüş ehtiyatda olan günlərdən birində keçiriləcək", - deyə M.Həsənov qeyd edib.
Xatırladaq ki, "Karvan" indiki Avropa Kuboku mövsümündə mübarizəni davam etdirən Azərbaycanın yeganə klubu olaraq qalır.