...

Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən şəxslərdən birinin vəziyyəti ağırlaşdığı üçün təcili yardım çağırıldı

Cəmiyyət Materials 30 Avqust 2006 14:11 (UTC +04:00)

Avqustun 30-da Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən şəxslərdən Əliqulu Quliyevin vəziyyəti ağırlaşdığı üçün hakim təcili tibbi yardım çağırdı. Trend in xəbərinə görə, H. Məmmədovun və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Həkimlərin köməyi ilə təqsirləndirilən şəxsin səhəti iki saat ərzində bərpa edildikdən sonra məhkəmə iclası öz işinə başlayıb. Proses başlayan kimi Əliqulu Quliyev vəkili Azər Əliyevdən imtina etməsi barədə vəsatətini məhkəməyə təqdim edib və digər vəkil Həzi Məmmədovla müqavilə bağlamaq istədiyini bildirib. Hakim vəsatəti qəbul edib və təqsirləndirilən şəxsə fasilə vaxtı müqavilə bağlamağı tövsiyə edib.

Təqsirləndirilən şəxs Hüseyn Abdulvahabov məhkəmədən xahiş edib ki, H.Məmmədovun ibtidai istintaqa verdiyi bəzi ifadələri məhkəmədə elan edilsin. Təqsirləndirilən şəxs bu vəsatətini onunla əsaslandırıb ki, həmin ifadələrdəki ziddiyyətli məqamlarla bağlı H.Məmmədova sualları var. İfadələr elan edildi. H.Abdulvahabav H.Məmmədova sual vermək istəsə də, sonuncu həmin sualları cavablandırmaqdan imtina edib. H.Məmmədov: "Nə vaxt H.Abdulvahabov banda başçısı olduğunu və törətdiyi cinayətləri etiraf etsə, o zaman mən onun suallarını cavablandıracağam".

Bundan sonra hakim H.Abdulvahabova öz suallarını səsləndirməyi təklif edib. Lakin H.Abdulvahabov bildirib ki, bir halda ki, H.Məmmədov onun suallarını cavablandırmaq istəmir, o zaman həmin sualların səsləndirilməsinə səbəb yoxdur. Daha sonra Zakir Nəsirovun vəkili Adıl İsmayılov H.Məmmədova suallar vermək istəyib. Lakin H.Məmmədov vəkili cinayətkar adlandırıb və bildirib ki, o, yalnız Z.Nəsirovun digər vəkili Tərlan Xanəliyevin suallarını cavablandıra bilər.Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti