Sentyabrın 14-16-da Bakıda birinci Beynəlxalq rus kitabları festivalı keçiriləcək. Bu barədə Trend ə festivalın təşkilat komitəsindən məlumat verilib.
Festivalın təşkilatçıları qismində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Mədəniyyət və kinematoqrafiya üzrə Federal agentliyi və İTAR-TASS informasiya agentliyi çıxış edir.
Tədbirdə iştirak etmək üçün Rusiyanın qabaqcıl kitab nəşriyyatçıları, tanınmış yazıçılar, ictimai xadimlər Bakıya gələcək. Rusiyanın Mədəniyyət və kinematoqrafiya üzrə Federal agentliyinin rəhbəri Mixail Şvıdkoy, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman və başqalarının gələcəyi gözlənilir.
Festival çərçivəsində dəyirmi masalar, kitab yarmarkaları, yeni nəşrlərin təqdimatı, oxucu auditoriyasının ədəbiyyatçılarla görüşü, o cümlədən rus poeziya axşamı, incəsənət ustalarının konserti, Bakı Slavyan Universitetinin tələbə-müəllim heyəti ilə görüş keçiriləcək. 600 nüsxə nadir rus kitabı Azərbaycana hədiyyə veriləcək.
Tədbirin açılışı Bakının Milli parkında olacaq (Neftçilər prospekti, 23). Burada festival şəhərciyi təşkil ediləcək.