...

Strasburqdakı "Azərbaycan Evi" elmi konfrans keçirib

Cəmiyyət Materials 4 Oktyabr 2006 15:07 (UTC +04:00)

Bu ilin mayında Fransanın Strasburq şəhərində təsis olunmuş "Azərbaycan evi" oktyabrın 3-də Strasburq Universitetində Azərbaycanla bağlı elmi konfrans keçirib. Bu barədə Trend ə "Azerbaycan Evi"nin İdarə Heyətinin sədri Mustafa Alınca məlumat verib.

Strasburq Türkologiya Departamenti ilə birlikdə keçirilən konfransa Mark Blok Universitetinin Türkologiya Departamentinin müəllimi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin araşdırmaçısı və eyni zamanda, "Azərbaycan evi"nin İdare Heyətinin üzvü Stefan Dötapia aparıcılıq edib. "İran Azərbaycanında 1979-cu ildən bu yana mədəni yeniləşmə" mövzusunda doktorluq elmi dərəcəsini müdafiə etmiş Paris Siyasi Elmlər Universitetinin doktoru Jil Riyo (Gilles RIAUX) məruzə ilə çıxış edib. Həmçinin konfransda Nizami adina Muzeyin direktoru, millət vəkili Rəfael Hüseynovun da məruzəsi dinlənilib.

M.Alınca bildirib ki, "Azərbaycan evi" öz işinde Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının mədəni, sosial və digər qurumları ilə də yaxından əməkdaşlıq edəcək. Təşkilatın məqsədinin həyata keçirilməsində əsas fəaliyyət istiqamətləri - Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini Fransada, xüsusilə də ölkənin Elzas bölgəsində tanıtmaq və təbliğ etməkdən ibarət olacaq. Bununla yanaşi, Strasburqda daimi yaşayan həmvətənlərimiz və digər millətlərdən olan şəxslər üçün Azərbaycan dili və Azərbaycan milli rəqsləri və uşaqlar üçün kurslarının açılması da yaxın zamanlarda nəzərdə tutulub. Eyni zamanda "Azərbaycan evi" Azərbaycan Respublikasının turizm sahəsində mövcud imkanları, onun iqtisadi potensiali və ölkəmizə maraq doğuracaq digər məlumatlar barədə regionda fəaliyyət göstərən iş adamlarına müvafiq məlumatların (məcmüələr və müvafiq bildiriş bülletenlərinin çap edilməsi) çatdırılması istiqamətində tədbirlər keçirəcək.

Qeyd edək ki, təşkilat Strasburqun müvafiq dövlət orqanı tərəfindən (Strasburq məhkəməsi və Prefekturasında) qeydiyyatdan keçərək artıq hüquqi cəhətdən fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti