...

Macarıstanın "Nepsava" qəzetinin müxbiri Ferens Kepeç Azərbaycanda səfərdədir

Cəmiyyət Materials 4 Oktyabr 2006 18:33 (UTC +04:00)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi ilə birlikdə Azərbaycan gerçəkliklərinin Macarıstan ictimaiyyətinə çatdırılması məqsədilə bu ölkənin "Nepsava" qəzetinin müxbiri Ferens Kepeçin Azərbaycana səfərini təşkil edib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Xatırladaq ki, cari ilin aprel ayında da Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Macarıstanın kütləvi informasiya vasitələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdu.

Sentyabrın 30-da Bakıya gələn macarıstanlı jurnalist Ferens Kepeç ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Bakının qədim memarlıq abidələri, o cümlədən İçərişəhərlə yaxından tanış olub. Oktyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov macarıstanlı qonağı qəbul edib. Görüşdə jurnalistə Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlər, həyata keçirdiyi dövlət proqramları barədə ətraflı məlumat verilib. Ermənistanın ölkəmizə təcavüzü nəticəsində bir miylondan çox insanın öz doğma yurd-yuvalarını tərk etməsi, Azərbaycanın müxtəlif bölgələrinə səpələnməsi jurnalistin diqqətinə çatdırılıb. Həmçinin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmısı üçün Dövlət tərəfindən görülmüş işlər haqqında ədəbiyyatlar və yaddaş kitabçası qonaqlara təqdim edilib.

Oktyabrın 2-də macarıstanlı jurnalist Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovla görüşüb. Görüşdə qonağa Azərbaycan neftinin tarixi, Dövlət Neft Şirkətinin yaranma tarixi, Xəzər dənizinin hüquqi statusu, Azərbaycan və Xəzəryanı ölkələrin Xəzər dənizindən istifadə məsələləri, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tarixi, onun rentabelliyi, regionda layihənin təhlükəsizliyi və siyasi əhəmiyyəti, Xəzərin Azərbaycana aid olan yataqlardan çıxarılan neft və qazın ixracı, Azərbaycanda çıxarılan neft və qazın Avropa standartlarına uyğunluğu, neftdən əldə olunan gəlirlərin Dövlət neft Fondunda cəmləşməsi barədə ətraflı məlumat verilib.

Oktyabrın 3-də isə jurnalist Ferens Kepeç Sabirabad, Biləsuvar və İmişli rayonlarında məskunlaşmış qaçqınların və məcburi köçkünlərin çadır şəhərciyində, yeni salınan qəsəbələrində və vaqonlarda yaşayan məcburi köçkünlərlə görüşüb. Qonaq məcburi köçkünlərlə görüşlərdə onların ağır həyat şəraiti ilə tanış olub.

Oktyabrın 4-də Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev macarıstanlı jurnalisti qəbul edib. Görüşdə qonağa Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, qonşu dövlətlərlə münasibətlər, Azərbaycanın Avropaya inteqrasiya siyasəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında ətraflı məlumat verilib. Daha sonra qonaq Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Iətəndaşlarla Əlaqədar Dövlət Komisiyasının İşçi qrupunun rəhbəri ilə görüşüb. Görüşdə erməni separatçılarının azərbaycanlılara qarşı törətdikləri terror və soyqırım aktları ilə bağlı qonağa məlumat verilib. Həmçinin Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da macarıstanlı jurnalisti qəbul edib.

Xəbər lenti

Xəbər lenti