Gürcüstan İqtisadi İnkişaf Nazirliyi Qardabanidə regional təmizləyici stansiyanın bərpası istiqamətində intensiv surətdə çalışır. Trend xəbər verir ki, bu barədə Gürcüstanın təbii sərvətlər nazirinin müavini Sofye Xubadze Tbilisidə USAID proqramı çərçivəsində Cənubi Qafqazda su ehtiyatları üzrə regional seminarda çıxış edərkən bildirib.
Seminarda qeyd olunub ki, Xəzər dənizində olduğu kimi Kür çayının ekoloji vəziyyəti Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qardabanidəki stansiyada təmizləyici qurğuların texniki vəziyyətindən xeyli asılıdır. Lakin S.Xubadzenin sözlərinə görə, ölkə büdcəsi stansiyanın müasirləşdirilməsi üçün lazımi vəsaitləri ayırmağa imkan vermir. O bildirib ki, bütün sistemin bərpası ümumiyyətlə real deyil, qurğunun layihə gücü çox böyük olduğundan - o, sutkada 1 mln. kubmetrə qədər həcmdə su axınının təmizlənməsi üçün nəzərdə tutulub - bunun üçün böyük maliyyə vəsaitləri tələb olunur və əlavə edib ki, bununla əlaqədar investor axtarışı məsələsi yaranıb.
S.Xubadze qeyd edib ki, Qardabanidə təmizləyici stansiyanın bərpası Gürcüstanın su axınlarının təmizlənməsi ilə bağlı problemləri arasında prioritet məsələdir. Güman edilir ki, birinci mərhələdə təmizləmənin o qədər də böyük məbləğ tələb etməyən ilkin pilləsi, yəni mexaniki pillə, sonra isə bahalı, bioloji təmizləmə bərpa olunacaq.
Qardabani stansiyasında seminar iştirakçılarına verilən məlumata görə, suyun təmizlənməsi daxil olan suların mexaniki emalı ilə məhdudlaşır, bioloji təmizləmə isə aparılmır. Filtrlər isə suda olan qatışıq və zibillərin yalnız yarısını təmizləyir.