Kanada Azərbaycan Assosiasiyaları Assambleyası (KAAA) Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Kanada Parlamentinin üzvlərinə, BMT Baş Katibinin Soyqırımların Qarşısının Alınması üzrə Xüsusi Müşaviri Xuan Mendezə, BMT Kanada Şurasına və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Müraciətdə Xocalı faciəsinin erməni millətçilərinin azərbaycanlılara qarşı illər boyu apardıqları etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğunu bildirilib, dinc sakinlərin, qadınların, qocaların və körpə uşaqların erməni terrorunun qurbanına çevrildiyi vurğulanıb. Sənəddə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin erməni silahlıları tərəfindən yer üzündən silindiyi bildirilir, bunun təsadüfi hadisə deyil, məqsədli şəkildə həyata keçirilmiş soyqırım aktı olduğu vurğulanıb. Bu soyqırımı beynəlxalq hüquqi sənədlər, qanun və qətnamələr çərçivəsində sübut edən xüsusi materiallar da müraciətə əlavə olunub. Sənəddə Azərbaycan xalqına qarşı törədilmiş soyqırıma siyaıi qiymət verilməsinin vacibliyi vurğulanır.