...

Azərbaycanın "Təhsil haqqında" qanun layihəsinin müzakirəsi parlamentin payız sessiyasına keçirildi

Cəmiyyət Materials 24 May 2007 18:12 (UTC +04:00)
Azərbaycanın "Təhsil haqqında" qanun layihəsinin müzakirəsi parlamentin payız sessiyasına keçirildi

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Təhsil haqqında" qanunun Təhsil Nazirliyinin, parlamentin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK), universitet rəhbərlərinin, mütəxəssislərin təklifləri nəzərə alınmaqla yenidən işlənən layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Millət vəkili Asim Mollazadənin sözlərinə görə, belə bir qərar Milli Məclisin Elm və təhsil daimi komissiyasının cümə axşamı keçirilən qapalı iclasında qərara alınıb.

Qanunun qəbul olunması yaz sessiyasına planlaşdırılırdı. Bu günkü müzakirələr zamanı Milli Məclisin spikeri Oqtay Əsədovun sədrliyi ilə keçən iclasda təhsil naziri Misir Mərdanov, TQDK sədri Məleykə Abbaszadə, universitetlərin rektorları, millət vəkilləri, təhsil üzrə ekspertlər iştirak ediblər.

Asim Mollazadənin sözlərinə görə, qapalı iclasda bir sıra təkliflər irəli sürülüb, fərqli fikirlər ortaya çıxıb. Deputat qeyd edib ki, təkliflər yazılı və şifahi formada Elm və təhsil komissiyasına təqdim edilib. Sonda qərara alınıb ki, "Təhsil haqqında" qanun layihəsi həm komissiyanın payızda keçiriləcək iclasında, həm də Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılsın.

Mollazadə bildirib ki, iclasda təhsil sisteminin bir neçə pillədən ibarət olmasına dair fikir ayrılıqları yaranıb. Orta təhsilin vəziyyəti, peşə təhsili sisteminin sıradan çıxması nəticəsində gənclərin peşə seçimində problemlər yaranması məsələsi müzakirəyə çıxarılıb: "Mən universitetlərin gücləndirilməsi üçün tələbələrin ali məktəblərin idarə olunmasına cəlb edilməsinin, onların məsuliyyətinin artırılmasının önəmindən danışdım. Həmçinin valideynlərin orta təhsil sistemində məsuliyyətini artırmaq, məktəblər arasında rəqabət yaratmaq üçün bu sahəyə ayrılan dövlət vəsaitinin bir hissəsinin vauçer formasında valideynlərə verilməsini təklif etdim. Universitetlərdə kredit sisteminin qurulmasının da Boloniya sazişinə uyğun olaraq Azərbaycanın "Təhsil haqqında" qanununa salınmasını təklif etdim"-deyə Mollazadə bildirib.

Xəbər lenti

Xəbər lenti