Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan həbsxanasında 80-dən çox məhbus aclıq aksiyasını davam etdirir. Bu barədə "ömürlüklər"in bir qrupunun valideyni bazar vertəsi keçirdikləri mətbuat konfransında məlumat verib. Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş Şakir Rzaxanovun anası Müslümat Rzaxanova Penitensiar Xidmət rəhbərliyini aclıq edənlərin sayı barədə ictimaiyyətə yanlış məlumat verməkdə suçlayıb. Rzaxanova aclıq edənlərə həkim nəzarəti olmadığını deyib.
Ali Sovetin mərhum sədr müaviniuAfiyəddin Cəlilovun ölümündə təqsirli bilinən Dəyanət Kərimovun bacısı Nübar Qasımova isə qardaşının səhhətinin ağır olduğunu bildirib. O, Azərbaycan hökumətinin "ömürlükləri"in işinə yenidən baxılması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının qətnaməsində qeyd olunan tövsiyəyə əməl olunmadığından şikayətlənib.
Məhbusların yaxınları aclıq edənlərin hüquq müdafiəçiləri və jurnalistlərlə görüşmək istədiklərini bildiriblər. Onlar eyni zamanda məhbusların işlərinə baxılması xahişi ilə prezidentə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət ediblər. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Trend ə bildirilib ki, aksiya iyunun 20-də 38 məhkumun iştirakı ilə başlayıb və hazırda aksiyanı 20 məhbus davam etdirir
Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir. İnsan Haqları üzrə Avropa Məhkəməsinin də bəzi işlərlə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. O, ağır cəza kimi qəbul edilə bilməz.
Eyni tələblə bir qrup məhkum aprelin 16-dan 20-dək aclıq aksiyası keçirmişdi.