Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Tərəqqi" MTK-nınn işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmədən Trend ə verilən məlumata görə, tikinti şirkətinin direktoru Rizvan Kərimov 4, "Azərtuneltikinti" İdarəsinin maşinist-operatoru Səlim İsmayılov 3 il müddətinə azadlıqdan məhrum ediliblər. İş icraçısı Nurməmməd İsmayılova isə 5 il azadlığın məhdudlaşdırılması cəzası verilib.
Nəsimi rayonu ərazisində "Tərəqqi" MTK tərəfindən aparılan tikinti işləri zamanı 140 tondan artıq çəkisi olan qazma-suvarma aqreqatının birmərtəbəli yaşayış evinin üstünə aşması nəticəsində hadisə zamanı evin sakinləri 42 yaşlı Mehriban Ələkbərova və 21 yaşlı Könül Ələkbərova dünyasını dəyişib, 1 yaşlı Elxan Ələkbərov xəsarətlə xəstəxanaya yerləşdirilib.
Kərimov Cinayət Məcəlləsinin 222-1.2-ci (tikinti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda), Səlim İsmayılov və Nurməmməd İsmayılov isə CM-in 222.2-ci (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunub.