Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı çıxarılan dördüncü qərarı sentyabrda qüvvəyə minəcək. Şikayətçi, İsmayıllı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin keçmiş direktoru Bəhram Tarverdiyev bazar ertəsi Trend ə bildirib ki, dünən Avropa Məhkəməsindən şikayətinin təmin olunması barədə məlumat alıb. Tarverdiyev bildirib ki, işləmədiyi müddətdə əmək haqqının alınması ilə bağlı Yasamal rayon məhkəməsinə 2 il bundan əvvəl müraciət edib: "Yasamal rayon məhkəməsi şikayətə Avropa Məhkəməsinin qərarından sonra baxılacağını deyir. İşə bərpa ilə bağlı Nərimanov rayon məhkəməsinin qətnaməsində işləmədiyim müddətdə kompensassiyanın alınması ilə bağlı məsələ açıq saxlanılmışdı. Məhkəmə bildirmişdi ki, bu barədə sonradan iddia ilə məhkəməyə müraciət oluna bilər".
Tarverdiyev 1975-ci ildən 2001-ci il mayın 23-dək İsmayıllı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru işləyib. Xəstəliyi ilə bağlı 3 ay işə çıxmadığından Ekologiya və Təbii Sərvətlər Nazirliyi onu işdən azad edib. O, Nərimanov rayon məhkəməsinə işə bərpa ilə bağlı iddia verib. Məhkəmə 21 avqust 2001-ci il tarixli qətnamə ilə onu işə bərpa etsə də, indiyədək məhkəmənin qərarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi icra etməyib.
Tarverdiyev iyunun 22-dən İsmayıllı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə mühafizəsi mühəndisi kimi işə qəbul olunub.
Şikayətçi Avropa Məhkəməsinə şikayətində Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin bərpasını tələb edib. O, şikayətində maddi təzminat tələbi irəli sürməyib.