...

"Azadlıq" qəzetinin məhkəməsi təxirə salınıb

Cəmiyyət Materials 27 İyul 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Cümə günü Yasamal Rayon Məhkəməsində hakim Fəxrəddin Ağamirzəzadənin sədrliyi ilə Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşı Qafar Abbasovun "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddia üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi avqustun 3-nə təxirə salınıb. Bu barədə cümə günü Bakıda "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid məlumat verib.

Baş redaktor qeyd edib ki, hakim prosesin təxirə salınmasını iddia üzrə müəyyən sənədlərin əldə edilməsinə ehtiyacın olması ilə izah edib.

"Mən Qafar Abbasovun özü ilə danışdım və ona təklif etdim ki, bu məsələni məhkəməsiz həll edək. Biz Qafar Abbasovun narazı qaldığı yazı ilə bağlı onun mövqeyini və təkzib xarakterli yazı dərc etməyə hazırıq. Amma o, mənə konkret cavab vermədi və vəkili ilə danışmağımı təklif etdi" - deyə Zahid əlavə edib.

Onun sözlərinə görə, Abbasov hesab edir ki, onunla bağlı dərc olunan yazı sifarişdir və o, sifarişçinin kimliyini öyrənmək istəyir. Baş redaktor hesab edir ki, yol polisi əməkdaşının iddiası əsassızdır.

"Azadlıq" qəzetində özünün şərəf və layəqətinin təhqir olunduğunu iddia edən Abbasov 50 min manat təzminat və təkzib tələb edir.

Xəbər lenti

Xəbər lenti