...

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası Belqrada yollanacaq

İdman Materials 27 Aprel 2012 13:02 (UTC +04:00)
Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası aprelin 30-da Serbiyanın paytaxtı Belqrada yollanacaq
Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası Belqrada yollanacaq

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası aprelin 30-da Serbiyanın paytaxtı Belqrada yollanacaq. Baş məşqçi Rudiger Hauffe və məşqçi Yuliana Stoyevanın rəhbərliyi altında 5 avarçəkənimiz səfərə çıxacaq. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bunlar Boris Yotov, İskra Angelova, Viktoriya Nençeva, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Aleksandr Aleksandrovla Nataliya Mustafayevadır.

İdmançılarımız əvvəlcə mayın 4-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Dünya Kubokunun I mərhələsində iştirak edəcəklər. 3 gün davam edəcək nüfuzlu yarışda Aleksandrov, Yotov və Mustafayeva 1 nəfərlik qayıqla (1X), Angelova - Nençeva dueti isə 2 nəfərlik təkavarlı qayıqla (2-) 2000 metr məsafəyə yürüşlərə qatılacaqlar.

Bundan sonra yığmamız İsveçrənin Lütsern şəhərinə üz tutacaq. Millimiz Lütserndə 20 - 23 mayda keçiriləcək Son Olimpiya Təsnifat Reqatasına (Final Olympic Qualification Regatta) və 25 - 27 mayda baş tutacaq Dünya Kubokunun II mərhələsinə hazırlaşacaq. Ardından komandamız 15 - 17 iyunda Almaniyanın Münhen şəhərində təşkil olunacaq Dünya Kubokunun III mərhələsinə qatılacaq. Bu yarışlarda mübarizə aparacaq avarçəkənlərimizin adlarına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Dünya Kubokunun I mərhələsində 43 ölkədən 662 akademik avarçəkən qüvvəsini sınayacaq.

Xəbər lenti

Xəbər lenti