...

Azərbaycanlı gimnast Berlində Qran-pri seriyası yarışında iki medal qazanıb (FOTO)

İdman Materials 22 Oktyabr 2012 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycanlı gimnast Lalə Yusifova Berlində keçirilən Qran-pri seriyası yarışında iki medal qazanıb.

Trend-in məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, Bakı çempionatının bu günlərdə qalibi olmuş gimnast gürzlərlə (27.4 bal) tapşırığın finalında ikinci və lentlə (26.7) kombinasiyanın finalda icrasından sonra fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Milli komandanın baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, məhz gürzlərlə tapşırığın finalı ən parlaq təəssürat yaradıb. "Lalə tapşırıqları sadəcə gözəl yerinə yetirdi! O olimpiadanın vitse-çempionu rusiyalı Darya Dmitriyevadan sonra layiqincə ikinci yeri tutdu. Ona görə mən nəticələrdən razıyam. Hərçənd hesab edirəm ki, o daha da yaxşı ola bilərdi. Bununla yanaşı, bu, onun Qran-pridə ilk medallarıdır, Lalə təcrübə toplayıb, tamaşaçılar onu hərarətlə qarşılayır və hakimlər də onun haqqında müsbət fikirdədirlər. 10 gündən sonra Çexiyada növbəti Qran-pri turniri keçiriləcək və ümid edirəm ki, Yusifova orada da pis çıxış etməyəcək", - baş məşqçi bildirib.

Bu arada ölkə yığmasının lideri Aliyə Qarayeva İtaliyanın Biella şəhərində keçirilən klub çempionatının А1 seriyasının birinci turunda çıxış edib. Onun komandası "Ritmika Pyemont" altıncı yeri tutub, Qarayeva özü isə lentlə tapşırıqlara görə 27.45 bal alaraq kollektivdə birinci, bu predmetlə çıxış edən gimnastlar arasında isə ikinci nəticəni göstərib. А1 seriyasının ikinci turu noyabrın 3-də Çietidə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti