Azərbaycan, Bakı, 5 iyul /Trend/
Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulub. Gənc qızlarımız günü 1 qızıl medalla tamamlayıb.
Sahilə Ələkbərova (44) ilk görüşündə Rusiya təmsilçisi Svetlana Yefimova ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma (6:5) Sahilə üçün uğurlu alınmayıb. Güləşçimiz mübarizəni erkən dayandırıb.
Patimat Baqomedova (51 kq) 1/4 finaldan mübarizəyə başlayıb. Polşa təmsilçisi Paula Kozlovu (6:0) məğlub edən güləşçimizin yarımfinalda rəqibi Ukraynadan Lilya Horishna olub. 7:1 hesablı qələbə ilə Patimat Baqomedova finala vəsiqə qazanıb. Finalda Rusiya təmsilçisi Stalvira Orşuşa (7:0) tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionu olub.
59 kq çəkidə mübariz aparan Alyona Kolesnik ilk görüşdə İtaliya güləşçisi Karola Raineronu (8:0) sıradan çıxarıb. Ancaq növbəti mərhələdə Finlandiya təmsilçisi Petra Maarit Olliyə uduzub. Rəqibin finala çıxması güləşçimizə bürünc medal yolu açıb. Alyona Kolesnik təsəlliverici görüşlərə qatılsa da bu şansı dəyərləndirə bilməyib.
Raqnetta Qurbanzadənin (67 kq) ilk rəqibi isə türkiyəli Kiymet Koçyiğit olub. 10:2 hesablı qələbə güləşçimizi növbəti mərhələyə çıxarıb. 1/4 finalda Avstriya təmsilçisi Martina Kuenzi (6:1) məğlub edən Raqnetta yarımfinala yüksəlib. Rəqib Rusiya təmsilçisi Svetlana Lipatova olub. Gərgin keçən qaşılaşmanı (3:1) rəqib güləşçi qazanıb. Raqnetta Qurbanzadə bürünc medal uğrunda bolqar Dzanan Filipova Manolova ilə görüşdən də məğlub ayrılıb və çempionatı 5-ci sırada tamamlayıb.
Xatırladaq ki, çempionatın ilk iki günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz çempionatı uğurla başa vurub və komanda hesabında 52 xalla ikinci olub.