...

Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının açılışı olub (FOTO)

İdman Materials 2 Oktyabr 2013 17:25 (UTC +04:00)
Bu gün Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının açılış mərasimi keçirilib.
Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Bu gün Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının açılış mərasimi keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, açılışda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Anar Məmmədov, idmançılar və digər qonaqlar iştirak edib və qonaqlara akademiya haqqında geniş məlumat verilib.

Akademiyanın binasının tikintisinə 2012-ci ilin aprelindən başlanılıb və ümumi sahəsi 2400 m2-dir. Binanın tikintisi zamanı Avropanın aparıcı qolf akademiyalarının təcrübələrindən istifadə olunub. Binada yeraltı parkinq, soyunub-geyinmə otaqları, duş, iki qolf simulyator otağı və müştərilər üçün kafe fəaliyyət göstərir. Azərbaycan Qolf Federasiyası da qeyd olunan binada yerləşir.

Bununla yanaşı, binanın inşası hazır olmayan zaman belə AQF fəaliyyət göstərib, Bakı məktəblərində SNAG keçirib və 1000 nəfər məktəbliyə qolf oynamağı öyrədib.

SNAG abreviaturası - "Start New At Golf" olaraq açılır və qolfun qısa zamanda əyləncəli və maarifləndirici şəkildə maksimum insanlara təqdim edilməsi layihəsidir. SNAG müxtəlif yaş və sosial təbəqələrə məxsus insanların özlərini qolfda sınamalarına imkan verən yeganə proqramdır.

Mərasimdə çıxış edən AQF-nin prezidenti A.Məmmədov Qolf Akademiyasının açılışının bütün Azərbaycan üçün və ölkə idmanı üçün əlamətdar bir hadisə olduğunu vurğulayıb: "Bir neçə gün öncə cənab Prezident İlham Əliyev Qubada regionun ən böyük qolf meydançasının açılışında iştirak etmişdi. Bu gün isə biz Qolf Akademiyasının açılışında iştirak edirik. Bunlar Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində həyata keçirilən köklü islahatların real nəticələridir. Bu islahatların bölgələri də əhatə etməsi nəticəsində regionlarda idmanla məşğul olanların sayının sürətlə artması müşahidə olunur. İndi regionlarda müasir idman infrastrukturu yaradılır, yenilərinin təməli qoyulur. Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Qubada Milli Qolf Klubunun yaradılması bunun əyani təsdiqidir. Milli Qolf Akademiyası isə peşəkar qolfçuların və qolf həvəskarlarının hazırlanması üzrə aparıcı mərkəz olacaq".

Akademiya ərazisinə 2 qolf simulyator daxildir. "Sport Coach Systems" şirkətinin istehsalı olan bu simulyatorlarda dünyadakı ən aparıcı qolf sahələrinin xəritələri var. Qolf sevənlər üçün bu simulyatorlar vasitəsilə 130 virtual qolf meydançasında qolf oynamaq imkanı var və həmin qolf meydançalarının 28-i Avropa çempionatlarının keçirildiyi sahədir.

Qeyd olunan meydançalar içində Quba qolf sahəsi də var. Arzu edənlər burada dayanaraq Böyük Britaniyada və ya başqa ölkədəki, cümlədən Qubadakı qolf meydançasında qolf oynaya bilər. Bu simulyatorlar təlim, tədris, test və qolf inventarının seçimi üçün ideal avadanlıqlardır.

Akademiyanın ərazisində, həmçinin "Championship 8 hole mini golf" konsepsiyasında dizayn edilmiş və son nəsil sintetik ot örtüyündən ibarət qolf meydançası yerləşir. Meydançada PGA (Professional Golf Association) dərəcəli instruktorlar qolfla maraqlananlara qolf təlimləri keçir. Bundan başqa, akademiyanın meydançası qolf oynamaq istəyənlər üçün də açıqdır.

Meydançanın ümumi sahəsi 14 min m2-dir ki, onun 6700 m2-i Hollandiya istehsalı olan sintetik otla örtülüb. Ümumilikdə kompleksin dizaynını Hollandiyanın dünyaca məşhur "European Golf Group" şirkəti hazırlayıb. Meydançanın solunda qolf sevənlərin öz oyun texnikalarını təkmilləşdirməsi üçün xüsusi təlim sahəsi olan "Driving range" yerləşir. Bu sahə topu saxlamaq üçün 24 metrlik xüsusi divarla əhatələnib. Yeni başlayanlar adətən təlimə məşq meydançasında başlayırlar və bundan sonra qolf meydançasında qolf oynaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti